Pashinian yürüş təyin edib

Ermənistanın müxalifət lideri Nikol Pashinian mayın 7-də axşama Yerevanda kütləvi yürüş təyin edib.

Məqsəd sabah parlamentdə keçiriləcək baş nazir seçkisi öncəsi xalqın ona dəstəyini göstərməkdir.

Yürüşdən öncə, yerli vaxtla saat 8-də Pashinian və tərəfdarları Yerevan aeroportuna erməni əsilli amerikalı rok ulduzu Serj Tankian-ı qarşılamağa gedəcəklər.

Tankian Pashinian-ın etiraz hərəkatına xaricdən dəstəyini bildirib və Yerevanın mərkəzindəki Respublika Meydanında çıxış edəcəyi gözlənir.

Pashinian həmçinin tərəfdarlarını mayın 8-də yenidən Yerevanın küçələrinə çıxmağa səsləyib. Onun niyyəti parlamentdəki səsvermə zamanı hakim Respublikaçı Partiyaya (HHK) təzyiq göstərməkdir.

“BARIŞIQ HÖKUMƏTİNİN YARADILMASI”

42 yaşlı siyasətçi deyib ki, tərəfdarları qeyri-zorakı vətəndaş itaətsizliyi aksiyalarına hazır olmalıdırlar, çünki HHK-nın onun baş nazir seçmək vədini yerinə yetirəcəyinə 100 faizlik təminat yoxdur.

Mayın 2-də on minlərlə erməni Pashinian-ın ümumxalq tətili çağırışına hay verdilər. Pashinian mayın 8-də baş nazir seçilməzsə, daha bir tətil keçirməklə hədələyib.

Pashinian mayın 5-də jurnalistlərə deyib ki, müxalifətin HHK ilə “mümkün əməkdaşlığı” “faktiki siyasi durumdan” asılı olacaq.

“Bizi gələcəyə aparacaq xeyli sayda potensial durum mümkündür”, – deyən Pashinian əlavə edib ki, əsas məqsədi “barışıq hökumətinin yaradılması”dır.

Ermənistanda 11 gün davam edən etirazlar aprelin 23-də keçmiş prezident Serzh Sarkisian-ın baş nazir postundan istefasıyla sonuclandı. 2008-ci ildən prezident olmuş Sarkisian baş nazir postunda ölkənin liderinə çevriləcəkdi, konstitusiya dəyişiklikləri buna imkan verirdi. Ancaq əhali bir nəfərin ölkəyə 10 ildən çox rəhbərliyini qəbul etmədiyini söylədi və küçələrə çıxdı.

Mayın 1-də ilkin səsvermə zamanı hakim partiya Pashinian-ı dəstəkləmədi. Mayın 3-də özünün Yelk fraksiyası və müttəfiq müxalifət partiyaları onu yenidən bu posta yeganə namizəd kimi irəli sürdü.

Müxalifət lideri 105 yerlik parlamentdə 41 deputatın dəstəyini artıq təmin edib. HHK-nın 58 mandatı var, ancaq deputatların azı üçdə birinin dəstəklədiyi namizədə səs verəcəyini bildirib.