“Qısqanclıq – güc mübarizəsi” – Fərid Rüstəmzadə

0

Fərid Rüstəmzadə

Müşahidəmə əsasən deyə bilərəm ki, ənənəvi münasibətlərdə qadınların ən çox şikayətləndiyi mövzulardan biri qısqanclıqdır. Əksər qadın həyatında azı bir dəfə sevgilisinin qısqanclığından şikayətlənib, buna bağlı olaraq da, partnyorundan ona daha çox güvənməsini tələb edib. Fikrimcə, kişinin qısqanclığının əsas səbəbi partnyoruna olan güvənsizliyi yox, güc mübarizəsi və bəzi hallarda özgüvənsizlikdir. Bu yazımda da, məhz partnyora güvənsizlikdən qaynaqlanmayan qısqanclığın səbəblərini təhlil etmək niyyətindəyəm. Həmçinin, müşahidələrin çoxluğunu nəzərə alaraq, heterosexual monoqomik münasibətlər üzərinə danışacağam.

Kişilər bir çox hallarda partnyoruna güvənsə də, onun digər oğlanlarla yaxın münasibətinə əsəbləşirlər. Əsas səbəb təkamüldən gəlmə erkək cinsi nümayəndələri arasındakı ərazi və dişi mübarizəsidir. Təbiətdə erkəyə “sahib olmaq” üçün döyüşən dişi heyvanlara az rast gəlinsə də, erkəklərin mübarizəni hər yerdə müşahidə etmək olar. Dişinin önündə döyüşən erkək şirləri, cazibədar rəqsləri ilə partnyor tapmağa çalışan quşları, sahildən rəngarəng daşlar yığıb dişilərə hədiyyə edən pinqvinləri və digər heyvanların müxtəlif cəlbetmə üsullarını müşahidə etdikdə insanın da təbiətdən öz payını götürdüyü aydın olur. İnsan növünə analogiya apardıqda, təbiətdəki canlıların qarşı cins uğrunda mübarizəsini insanlarda münasibətə başlamazdan əvvəlki “gövdə nümayişi” zamanı müşahidə edirik. Hansı ki, bura daha çox müxtəlif üsullarla (gözəgəlimli geyimdən tutmuş, parkda gitara çalmağa, əzələli bədən quruluşuna sahib olmağa qədər) qarşı cinsi özünə cəlb etmə davranışları aiddir.

Digər instinktiv davranış isə “ərazi mübarizəsidir”. Əksər erkək məməlilər özünəməxsus nişanlama yolları ilə öz ərazilərini təyin edir, vaxtaşırı bu ərazilər və ora daxil olan qənimətlər üzərində mübarizə aparırlar. Meşədə ona məxsus olan əraziyə girmək istəyən digər erkəkləri qorxutmaq üçün qorillanın sinəsini yumruqlayıb kilometrlərlə uzaqlaqlıqdan eşidilə bilən səslər çıxardığını, onlara “bura mənə məxsusdur” mesajı verdiyini görmək olur. Eləcə də, erkək partnyoru ilə əlaqəyə girdikdən sonra dişi onun “ərazisinə” daxil olur. Onun “ərazisinə” müdaxilə etmək istəyən digər erkək ona birbaşa meydan oxumuş sayılır, o da öz ərazisini qorumaq üçün güc tətbiq etməkdən çəkinmir. İnsanlarda buna anoloji davranış “qısqanclıq” dediyimiz instikdir. Kişi öz həmcinslərindən gələn “təhlükəni” instinktiv olaraq hiss edir, məntiqi açıqlama verə bilməsə də müdafiə vəziyyətinə keçir və partnyorunu “qorumağa çalışır”. Oxşar amma daha az aqressiv davranışı qadınlarda da müşahidə eləmək olar.

Kişilərin qısqanclığı bu instinktiv davranışın proyeksiyadır və ümumilikdə götürdükdə “güc mübarizəsi” olduğu görünür. Ona görə, kişinin qısqanclığı, adətən, partnyoruna güvənsizliyindən yox, digər rəqiblərinə qarşı şüuraltı rəqabət duyğusundan, güc mübarizəsinə girməyindən qaynaqlanır. Güc mübarizəsi təbiətdə seksual münasibətlərdə də əsas qüvvələrdən biridir.

Qısqanclıq üçün digər bir səbəb isə kişinin özgüvənsizliyi ola bilər. Bu davranış da öz növbəsində, digər həmcinsləri ilə girdiyi instinktiv güc mübarizəsində özünü yetərsiz və zəif hiss edən kişinin partnyorunu itirməkdən qorxduğuna görə onun ətrafını “çəpərləməyə” çalışmasıdır. Bu hal kişilərdə aşırı qısqanclıq kimi özünü biruzə verir, özgüvənsizliyi onu radikallaşdırır, çıxış yolunu partnyorunun ətrafla əlaqəsini minimuma etdirməkdə tapır.

Təbii ki, insan şüurlu canlıdır, sosial konstruksiyalarımız çoxdur, buna görə də dəqiq ümumiləşdirmə aparmaq olmaz. İnsan fərdləri bir çox situasiyalarda instinktin diqtəsindən fərqli davranışlar nümayiş etdirə bilir, rasional qərarlar vermək və sosial dəyərlər sistemi yaratmaq potensialına sahibdir. Nəticədə, monoqomik münasibətlərdə qısqanclıq normal və gərəkli duyğu olsa da, fərdin öz instinktiv duyğularından agah olması, özgüvənini yüksək tutması, partnyorunun şəxsi həyatına hörmət etməsi qısqanclığı və problemləri minimumda saxlaya bilər.