Vəkil Saleh Rüstəmovla görüşüb

0

Mayın 15-də Ombudsman Aparatı işə qarışdıqdan sonra vəkil Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin saxlama yerində saxlanılan Gədəbəy rayon icra hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovla görüşüb.

Bu barədə Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov Amerikanın Səsinə bildirib.

Onun szölərinə görə, Saleh Rütəmov vəkilinə səhhətinin normal olduğunu bildirib.

Qeyri-rəsmi mənbələrdən Amerikanın Səsinə bəlli olub ki, mayın 15-də Beynəlxalq Qırmızı Xaş Komitəsinin nümayəndələri də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Saleh Rüstəmov və qardaşı oğlu Vidadi Rüstəmli ilə görüşüb.

Saleh Rüstəmov mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə, 1992-93-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.

Saleh Rüstəmov mayın 8-də Şəmkir rayonunda həbs edilib. Mayın 9-da Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə Saleh Rüstəmov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun qardaşı oğlu Vidadi Rüstəmli mayın 10-da saxlanılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Vidadi Rüstəmlinin barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ona və qardaşı oğlu Vidadi Rüstəmliyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham elan edilib.

Mayın 16-da Bakı Apellyasiya Məhkəməsində Saleh Rüstəmovun həbsindən verilmiş apellyasiya şikayətinə baxılacaq.