Vətəndaş haqqında rekviem – Ramis Yunus

Ramis Yunus

Fuad Poladov öldü… 

Bu birinci cümlənin üstündə çox düşündüm. Qəlbimdə uzun illər yaxın ünsiyyətdə olmaq xoşbəxtliyini yaşadığım, ən ləyaqətli insanlardan birinin həyatdan getməsinin oluşdurduğu boşluq varıydı. Yazıçı Fazıl İsgəndərin gözəl bir fikri var: “Ləyaqətlilik qəhrəmanlığı nəzərdə tutmur, o, əclaflığa qatılmamağı nəzərdə tutur.” Bu ifadə, öz ölkəsinin xarizmatik VƏTƏNDAŞI olan Fuad Poladovun şəxsiyyətini çox dəqiq təsvir edir. O, zülmətin hökmranlıq etdiyi çağdaş Azərbaycanda hamıya sübut etdi ki, hətta belə bir şəraitdə də insan ləyaqətlə yaşaya bilər.

Bu və ya digər ölkələrdə gedən ictimai-siyasi proseslərı başa düşmək üçün sosial şəbəkələr və əhalinin oradakı fəallığı yaxşı materialdır. Fuad Poladovun vəfatı günü internetin Azərbaycan seqmentinin tamamilə bu kədərli hadisəyə yönəlməsi buna əyani sübutdur. Özlərinin siyasi baxışlarından asılı olmayaraq, Azərbaycan cəmiyyətinin bütün təmsilçiləri bu böyük ARTİST və VƏTƏNDAŞ haqqında birmənalı şəkildə hörmətlə fikir bildirirdilər. Mənim yaddaşımda bu, birinci hadisəydi. Bu zaman, yalanın bütün cəmiyyət üçün həyat normasına çevrildiyi və bu yalanın Azərbaycanın hakimiyyət sisteminin bütün tribunalarından körükləndiyi, buna görə də mənəvi dəyərlərin addımbaşı aşındığı belə bir çətin zamanda, onun ŞƏRƏF və LƏYAQƏTİNİ qorumağı bacardığı xüsusi qeyd olunurdu.

Son illərdə ədəbi yaradıcı insanların, sonradan Fəxri Xiyabanda dəfn olunmaları üçün öz vicdanları ilə necə alver etdiklərinin gözlərimiz önündə baş verdiyini yaxşı xatırlayırıq. Çünki, bu insanlar üçün forma məzmundan daha önəmlidir. Yeri gəlmişkən, indi həyatda olanlardan bir çoxları bu gün də, bunu etməkdədirlər və bu, lakmus kağızı kimi hər şeyi ayrıd edən sosial şəbəkələrdən kənarda qalmır.

Bəşəriyyətin bütün tarixi yaradıcı və dağıdıcı insanların mübarizəsindən ibarətdir. Əgər min il əvvəl, lap elə orta əsrlərdə çoxları o dövrün qanunları ilə özlərinə bəraət qazandırırdılarsa, çağdaş şəraitdə belə işıqlı və ləyaqətli həyat yaşamış Fuad Poladovun həyatı, dünyanın sütunlarından olan Qurucu adamın həyatının əyani nümunəsidir. Mən Azərbaycandan ABŞ-a mühacirət etmək haqqında qərar qəbul edəndə, o, şəxsən vidalaşdığım tək-tük adamlardan biriydi. Çoxlu sayda bakılıların onu alqışlarla son mənzilə yola saldığı evinin yanındakı sonuncu söhbətimizi tez-tez xatırlayıram. Mən onun müxtəlif şairlərin, o cümlədən Ömər Xəyyamın şeirlərini necə də təsirli deməsini çox bəyənirdim. Vida zamanı Ömər Xəyyamdan dediyi və indi onun qəbirüstü daşı üçün gözəl epiqraf ola biləcək rübaini də yaxşı xatırlayıram:

“Bu həyatda müdrik yaşamaq üçün gərək insan kamil ola. 

İki vacib qaydanı öncə yadında saxla: 

Hər nə gəldi yeməkdənsə, yaxşıdır ki, insan ac qala,

Kimlə gəldi olmaqdansa, ömürlük tənha ola.”