Azərbaycanın işğal edilmiş ərazilərindən mineral resurslar İƏİT ölkələrinə ixrac edilir

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində mineral resursları hasil edərək onları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinə ixrac edir.

Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.

XİN açıq erməni mənbələrinin məlumatları əsasında “Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyət” adlı hesabat hazırlayıb.

Azərbaycanın işğal edilmiş təbii ehtiyatlarla zəngin ərazilərində 155-ə yaxın əlvan metal, qızıl, civə, qurğuşun, daş kömürü və sink və digər təbii resurslar var.

Onların arasında Qızılbulaqda qızıl, mis və kolçedan yatağı, Dəmirli, Cənnətağa, Gülətağa (Tərtər rayonunun işğal edilmiş hissəsi), Söyüdlü, Ağdüzdağ, Tutxuma (Kəlbəcər), Vejnelidə (Zəngilan) qızıl yatağı, Mehman, Sorbulaqda (Kəlbəcər) qurğuşun, Sarıbulaq, Ağətağa, Levçay, Şirbulaq, Qamışlı, Ağqaya (Kəlbəcər, Laçın), Çilgəzçay, Narzanlı (Laçın) var.

H.Hacıyevin sözlərinə görə, işğal edilmiş ərazilərdə hasil edilən dağ-mədən xammalı Ermənistana göndərilir, emal edilir və ixrac olunur.

Azərbaycanın işğal edilmiş ərazilərində təbii resurslar standartlara əməl olunmadan, primitiv metodlarla çıxarılır ki, bu da ekologiyaya ciddi ziyan vurur.

H.Hacıyevin sözlərinə görə, İƏİT çərçivəsində münaqişə və yüksək riskli zonalardan mineral məhsulların ixracına xüsusi qadağa var.

Lakin bəzi ölkələrdə bu təşkilatda qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslər Azərbaycanın işğal edilmiş ərazilərində mineral resursların qanunsuz istismarında iştirak edirlər, bəzi qiymətli metallar isə İƏİT ölkələrinə ixrac edilir.

Araşdırma zamanı müəyyən edilib ki, Ermənistanda və digər ölkələrdə hüquqi qeydiyyatdan keçən “Vallex Group”, “Base Metals”, “ACP”, “Lerna metalurgiayi İnstitute”, “Teghout” şirkətlərinin rəhbərləri və fiziki şəxsləri bu qanunsuz fəaliyyətə cəlb ediliblər.

Lixtenşteyndə qeydiyyatdan keçmiş və Ermənistanın “Vallex” qrupuna daxil olan “Base Metals” şirkəti 2002-ci ildən Kəlbəcərdə Heyvalı kəndi yaxınlığında Qızılbulaq qızıl və mis yatağını qanunsuz istismar edir.

“GeoProMining” şirkətinə daxil olan “GPM Gold” şirkəti 2007-ci ildən Söyüdlü qızıl yatağını (Kəlbəcər) istismar edir.

Kəlbəcərdən keçən Vardenis-Ağdərə yolunun inşası işğal edilmiş ərazilərdən təbii sərvətlərin Ermənistana daşınmasına xidmət edir.

Beynəlxalq hüquqa əsasən işğal edilmiş ərazilərdə belə fəaliyyətə cinayət məsuliyyəti nəzərdə tutan hərbi cinayət kimi baxılmalıdır.

“AzerGold” şirkətinin təqdim etdiyi materiallar əsasında Baş Prokurorluq Azərbaycanın işğal edilmiş ərazilərində dağ-mədən resurslarının istismarına cəlb edilmiş fiziki və hüquqi şəxslərin barəsində cinayət işi qaldırıb.

İsveçrədə qeydiyyatdan keçmiş “Frank Müller! şirkətinin rəhbərinə və təbii ehtiyatların qanunsuz istismarında iştirakçı olan Vartan Simakisə qarşı cinayət işi açılıb.

Beynəlxalq hüquqa görə, bütün dövlətlər öz hüquqi və fiziki şəxslərini Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlərdən, həmin ərazilərdə iqtisadi və digər fəaliyyətdən çəkindirməli, orada hazırlanan məhsulların onların ərazisinə ixracına yol verməməlidir.

“Azərbaycan işğal edilmiş suveren ərazilərdə bu cür qanunsuz əməllərin qarşısının alınması üçün milli və beynəlxalq səviyyədə bütün hüquqi və siyasi imkanlarından istifadə etməlidir”, – H.Hacıyev bildirib.