Azərbaycanın ÜTT-yə üzvlüyü müzakirə olunub

“Son zamanlarda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması prosesi ilə əlaqədar 20 normativ-hüquqi akt qəbul olunub”.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın ÜTT-yə üzv olması prosesi ilə bağlı Azərbaycan üzrə İşçi Qrupun rəhbəri Valter Vernerlə görüşündə belə deyib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan-ÜTT əlaqələrinin durumu müzakirə mövzusu olub.

Azərbaycan qanunvericiliyinin ÜTT tələblərinə uyğunlaşdırılması istiqamətində işlərin davam etdirildiyini bildirən Ş.Mustafayev maarifləndirmə tədbirlərinin əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdə ÜTT-yə üzvlük danışıqların gedişinin, perspektivlərinin diqqət mərkəzində olduğu bildirilir.

Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı bir neçə il əvvəl “Qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı” təsdiq edilib.

Azərbaycanın ÜTT-yə üzv olması prosesi ilə bağlı Azərbaycan üzrə İşçi Qrupu həmin planın icrasını nəzarətdə saxlayır.

Azərbaycan ÜTT ilə danışıqlara hələ 1997-ci ildə başlayıb. Artıq Azərbaycanın bir çox qonşulara bu quruma daxil olub.

Rəsmilər danışıqların uzanmasını Azərbaycan qanunvericiliyinin bu qurumun tələblərinə tədricən uyğunlaşdırılması ilə izah edirlər.

Ancaq müstəqil ekspertlər deyir ki, gerçəkdə Azərbaycan bu quruma üzvilikdə maraqlı deyil. Çünki Ümumdünya Ticarət Təşkilatı gömrükdə korrupsiya ilə ciddi mübarizə və islahatlar tələb edir. Həmin ekspertlərin fikrincə, Azərbaycan hökuməti, hələ ki, bu islahatlara hazır deyil.

Hərçənd, rəsmilər ölkədə islahatların dərinləşdirildiyini və korrupsiya ilə ciddi mübarizənin aparıldığını vurğulayırlar.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bir neçə ay əvvəl demişdi ki, Azərbaycanın ÜTT-yə daxil olması məsələsi aktualdır. “Amma inanmıram ki, bu, bir-iki il ərzində mümkün olsun”, o, vurğulamışdı.