İdxal və ixrac artib

0

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 9 milyard 318.8 milyon dollar olub.

Dövlət Statistika Komitəsinin (DSK) iyunun 13-də açıqlanmış bilgilərinə görə, ixracın dəyəri 6 milyard 292.7 milyon dollar təşkil edib. İdxalın dəyəri isə 3 milyard 26.1 milyon dollar olub. 4 ayda 3 milyarddan artıq müsbət ticarət saldosu yarandığı bildirilir.

Ticarət dövriyyəsində ixrac edilmiş qeyri-neft məhsullarının payı 485.3 milyon dollar olub.

Əvvəlki illə müqayisədə ixracın 2.2, idxalın isə 5.7 faiz artdığı bildirilir.

Yanvar-apreldə dünyanın 153 ölkəsi ilə ticarət aparılıb. 94 ölkəyə ixrac, 144 ölkədən isə idxal əməliyyatları həyata keçirilib.

İxracda 24.7 faizlə İtaliyanın, idxalda isə 17.4 faizlə Rusiyanın adı öndə gəlir.

DSK-nın sənaye məhsullarının istehsalı ilə bağlı bilgisində qeyd edilir ki, yanvar-may aylarında Azərbaycanda 19.2 milyard manatlıq məhsul istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.7 faiz çoxdur.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 7.6 faiz artdığı, neft sektorunda isə 0.3 faiz azaldığı bildirilir. Sənaye məhsulunun 73.2 faizi mədənçıxarma sektorunda istehsal olunub.