İtaliya qapılarını mühacirlərə bağlayır

0

İtaliyada yeni qurulan koalisiya hökümətinin mühacirlərə qarşı olan daxili işlər naziri Matteo Salvini 629 liviyalı mühaciri daşıyan xilasetmə gəmisinə ölkənin bütün limanlarını bağlayıb.

Salvini mühacirləri Maltanın qəbul etməli olduğunu, Malta hökuməti isə beynəlxalq razılaşmalara görə koordinasiyadan Romanın məsul olduğunu deyir.

İtaliya Avropaya qaçmaq istəyən afrikalı mühacirlərin əsas keçid qapısıdır.

Malta mühacirləri qəbul etmir

Bazar günü SOS Méditerranée yardım təşkilatı Liviya sahillərindəki 6 nöqtədə aparılan çətin əməliyyatlardan sonra Avropaya keçməyə çalışan 629 mühaciri xilas etdiklərini bildirib.

Aquaris adlı gəmidə müşayiət olunmayan 123 uşaq və 7 hamilə qadın olub.

Maltanı “mühacir qəbul etməməkdə” ittiham edən nazir Salvini ölkəsinin bütün limanlarına gəminin yaxınlaşmasına icazə verməməyi tapşırıb.

Salvini Facebook hesabından paylaşdığı açıqlamada “İtaliya bu gündən etibarən insan qaçaqçılığı və qeyri-qanuni mühacirliyə yox deyəcək” ifadələrini işlədib.

Salvini “Malta hər kömək tələbinə “yox” deyə bilməz. Tanrı Maltanı Afrikaya Siciliyadan daha yaxına yerləşdirib” deyib.