Moskva Trans Xəzərin tikintisinə razılıq verir

Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın lahiyəsi, iştirakçı ölkələr üçün sualtı boru kəmərləri çəkmək imkanı nəzərdə tutur.

Bu barədə Rusiya hökumətinin cümə günü dərc edilmiş qərarında deyilir.

“Tərəflər Xəzər dənizinin dibindən sualtı kabel və boru kəmərləri çəkə bilərlər”, deyə konvensiya layihəsinin 14-cü maddəsində qeyd edilir. Bu zaman ölkələr “onların iştirakçısı olduqları beynəlxlaq müqavilələrdə təsbit edilmiş ekoloji tələblərə və standartlara riaət etməlidirlər”, deyə “RİA Novosti” sənəddən sitat gətirir.

“Sualtı kabel və boru kəmərlərinin çəkilməsi marşrutu dənizin dib sektorunun aid olduğu tərəflə razılaşdırılmalıdır”, deyə konvensiya layihəsində qeyd edilir.

Boru kəməri çəkən ölkələr gələcək konvensiyanın iştirakçılarına kabel və boru kəmərlərinin çəkildiyi və sualtı işlərin qadağan edildiyi rayonların koordinatlarını bildirmək öhdəliyi daşıyırlar.

RF hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya layihəsini təsdiq edib, prezidentə onu imzalamağı təklif edir.

Konvensiyanın Astanada Xəzəryanı ölkələrin növbəti sammitində imzalanacağı gözlənilir.

Xatırladaq ki, Xəzərin hüquqi statusunun qeyri-müəyyənliyi Türkmənistanın böyük qaz ehtiyatlarını Avropaya nəql etmək imkanı verəcək Türkmənistandan Azərbaycana Trans Xəzər qaz kəmərinin tikintisində əsas maneə kimi göstərilirdi.

Uzun illər ərzində Rusiya və İran bu layihənin həyata keçirilməsinə hər yolla qarşı çıxıb.