”Nardaran məhbusu” ilə bağlı Mehriban Əliyevaya müraciət olundu

Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin qətlə yetirildiyi əməliyyat keçirilən evin sahibi, hadisə zamanı güllələnərək hərəkət qabiliyyətini tam itirən Əbülfəz Bünyadovun durumu ilə əlaqədar birinci vitse-prezident Mehriban Əliyevaya müraciət olunub.

Müraciət müəllifləri digər Nardaran məhbuslarının yaxınlarıdır.

Müraciətdə bildirilir ki, Ə.Bünyadova qarşı martın 19-dan tətbiq olunan qadağa üç aydır ki, davam edir. Qapıda dayanan polislər onun evinə, hətta bacıları, həkim də daxil olmaqla, heç bir qohumunu, dostunu buraxılmır. Başqasının köməyi olmadan, hətta yataqda çevrilə bilməyən Ə.Bünyadov nəticədə çıxılmaz vəziyyətdə qalıb.

Çünki onunla birlikdə yaşayan şəxslər – 70 yaşlı xəstə anası, həyat yoldaşı, azyaşlı uşaqları ona kömək edə bilmirlər. Ona yardım edən qohumlar isə evə buraxılmır:

“Aidiyyəti orqanlara bu məsələ ilə əlaqədar edilən bütün müraciətlər cavabsız qalıb. Bu, Azərbaycan vətəndaşına, ağır vəziyyətdə olan bir insana qarşı edilən ən böyük haqsızlıq və zülmdür. İflic, yataq xəstəsi olan bir insana qarşı bu cür davranış həm də insanlıq və dövlət adına ləkədir”.

Nardaran məhbuslarının yaxınları Ə.Bünyadovun gələcək taleyilə bağlı daha bir məsələdən narahatlıqlarını bildiriblər. Onları narahat edən isə Ə.Bünyadovun davam edən məhkəməsinin sonunda ona həbs cəzası verilməsidir. Onlar M.Əliyevadan müdaxilə edərək, bu məsələnin qarşısının alınmasını xahiş ediblər.

Ə.Bünyadov iyunun 20-də xərəkdə yenidən məhkəmə qarşısına çıxarılıb. Onun, eləcə də “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun həbsilə əlaqədar 2015-ci il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısındakı aksiyada iştiraka görə həbs olunan Elxan İsgəndərovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İyunun 20-də keçirilən məhkəmədə Elxan İsgəndərovun vəkili Fariz Namazlı Nardaran əməliyyatına rəhbərlik etmiş, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Kərim Əlimərdanovun, “Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadənin, hal şahidlərinin və s. məhkəmədə dindirilməsi, hadisə yerinə baxış keçirilməsi, polislərin zərərçəkmiş statusuna xitam verilməsi, cinayət işində bəhs olunan “Taleh Bağırzadənin müraciəti” adlı kitabçanın tədqiq olunması və başqa vəsatətlər qaldırıb. Vəkil bildirib ki, E.İsgəndərovun Sabunçu RPİ-nin qarşısında kütləvi iğtişaşda iştirakı, polislərə xəsarət yetirməsi haqda ittiham verilib, amma məhkəmədə dindirilən polislərin heç biri onu tanımır. Polislər nədən ziyan çəkdiklərini də izah edə bilməyiblər.

Vəkilin 14 vəsatətinin heç biri təmin olunmayıb.

Məhkəmə iyulun 3-də prokurorun çıxışı ilə davam edəcək.

Ə.Bünyadov Nardaran əməliyyatı zamanı – 2015-ci il noyabrın 26-da, E.İsgəndərov isə 2017-ci ilin martında həbs olunub. Ə.Bünyadovun səhhətindəki problemlərlə əlaqədar 2016-cı ilin dekabrında onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilib və barəsindəki cinayət işinin istintaqı davam etsə də, evə buraxılıb.

Ə.Bünyadov CM-nin 120-ci (qəsdən adam öldürmə) maddəsinin müxtəlif bəndləri, 214 (terrorçuluq), 278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd), 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) və s. maddələrlə ittiham olunur. Həmin maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.