Sərhəd rayonlarında xeyli silah-sursat aşkarlanıb

0

Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, iyunun 4-dən 10-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd” şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın Dağıstan Respublikasının sərhədyanı bölgələrini və Azərbaycanın Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 42 şəxs, o cümlədən Rusiya tərəfindən axtarılan 11 nəfər tutulub, itkin düşmüş hesab olunan 4 nəfər tapılıb, dövlətə borclu qismində axtarılan 54 nəfər saxlanılıb.

Qanunsuz saxlanılan 9 avtomat, 1 pulemyot, 6 tapança, 69 tüfəng, 36 qumbara, 29 ədəd silah sandıqçası, 18 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 5700 ədəd müxtəlif çaplı patron götürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 19 fakt aşkar olunub, ümumi çəkisi 3 tondan çox 13600 ədəd çətənə kolu məhv edilib.

Bundan başqa, tədbirlər zamanı ölkənin sərhədyanı rayonlarının ərazisində törədilən 15 müxtəlif cinayətin açılması təmin edilib.