TANAP layihəsinin açılışı olub

0

Bu gün, iyunun 12-də Türkiyənin Eskişehir şəhərində Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsinin açılış mərasimi olub.

Mərasimə Türkiyə prezidenti Recep Tayyip Erdoğan, Azərbaycanın dövlət başçısı İlham Əliyev və daha bir sıra dövlət və hökumət rəsmiləri qatılıb.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyyev çıxış edib. O deyib ki, bu layihənin arxasında güclü siyasi iradə dayanır. O vurğulayıb ki, “Türkiyə- Azərbaycan qardaşlığı olmasaydı, TANAP layihəsi kağız üzərində qalardı”.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan isə çıxışında deyib ki, TANAP-ın açılışı ilə bölgə və ölkələrdən ötrü tarixi addım atılır. Onun fikrincə, bu həm siyasi, həm də iqtisadi güc layihəsidir.

Prezident İlham Əliyev TANAP layihəsinin açılış mərasimində iştirak etmək məqsədilə iyunun 12-də Türkiyəyə səfər etmişdi.

İlham Əliyev açılış mərasimindən əvvəl BP şirkətinin baş icraçı direktoru Robert Dudley ilə görüşüb.

Görüşdə BP-SOCAR əməkdaşlığı, bu əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev həmçinin, Ukrayna prezidenti Petro Poroşenko ilə də bir araya gəlib.

Həmin görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.