Vəkillik: imtahanlar və imtinalar – Ənnağı Hacıbəyli

0

Ənnağı Hacıbəyli

Vəkilliyə qəbulun növbəti kampaniyası başa çatmaq üzrədir. Ölkə tarixində ilk dəfədir ki, vəkillərin ümümi sayı, nəhayət, min nəfər həddini aşdı. Bu, təbii, yaxşı haldır. Vəkillərin sayına görə Avropada biabırçı sonuncu yeri tutan ölkə durumu düzəltməsə də, müəyyən pozitiv addımlara cəhd eləməyə başladı. VK-nın yeni rəhbərliyinin iddialı bəyanatları çox minimal səviyyədə gerçəkləşməkdədir.
Bu addımlarla yanaşı vəkilliyə hörmət gətirmiş bəzi vəkillərin vəkillikdən çıxarılması və ya fəaliyyətlərinin dayandırılması keçmiş VK-nın yaralarının qaysaqlarını bir daha qopardı. VK-nın yeni üzvlərinin vəkilliyə qazandırdığı qan kütləsinin bolluğu onun yarasından axan qanları bərpa edəcəkmi? Çünki verilən qanın keyfiyyəti, şübhəsiz, ən yüksək standartlara cavab verirdi, yeni toplanan qan isə hələ ki, praktik laboratoriyadan cavabını almayıb.
Təbii ki, istənilən yeni qüvvə gəldiyi mühitə təzə nəfəs verməyə bilməz. Vəkilliyə yeni gəlmiş adamlar, özəlliklə gənclər arasında vəkilliyə hörmət gətirəcək şəxslər var. Hətta bu hörmət yetərli olmayacaqsa, bunda ən az günah elə onların payına düşəcək. Çünki VK-nın yeni rəhbərliyi bəzi kosmetik dəyişikliklərlə daha çox ənənəvi idarəçilik metodlarına üstünlük verirlər. Ölkənin ən ədalətli dövlət qurumu olmalı olduğu halda ən avtoritar nazirliyə çevrilmiş bir qurumun buyruq qulu rolunu oynayan təşkilatdan bundan artıq nəsə gözləmək absurddur.
Yeni rəhbərliyin gətirdiyi “yenilik”lərdən biri ən adi bir tədbirin, VK sədrinin adi bir çıxışının və ya müsahibəsinin Feysbukda və mətbuatda kütlıəvi bəyənilməsidir. Sovet dövrünün fabrik və zavodlarda əks-səda vermiş zəhmətkeş yığıncaqlarını xatırladan bu reaksiyalara dünən cəmiyyətdə baş verən hadisələrə fərqli münasibət bildirmiş bəzi şəxslərin də qoşulması isə acı təəssüf doğurur. Azərbaycanın bəlalarının başlıca səbəblərindən biri cəmiyyətin xeyli hissəsinin dəyərlərini sürətlə və heç bir vicdan sızıltısı hiss etmədən dəyişməsidir.
Anar Bağırov bu günlərdə keçirdiyi bir toplantıda VK üzvlərinə səslənməyə məcbur oldu: “Mənim yox, VK-nın, vəkilliyin ətrafında birləşin”. Görünür, hətta o da görməyə başlayıb ki, psevdoislahat tərəfdarlarının kütləvi bəyənmə kampaniyaları artıq toplumda ikrah doğurur və acı gülüş obyektinə çevrilib…

Səməd

Vəkilliyə qəbul zamanı hüquqlarının pozulduğunu iddia edən şəxslər var və bu, “islahat” çığır-bağırlarına əməlli-başlı şübhə yaradır. Daha bir görsəniş polis və prokurorluqdan pensiyaya çıxmış, əslində cinayət və cinayət-prosessual qanunvericilikdən savayı heç bir sahədə yetərli biliyi olmayan şəxslərin vəkilliyə kütləvi qəbuludur. Arada gəzən məlumatlardan açıq-aşkar görünür ki, vəkilliyə buraxılmış xeyli sayda adam var ki, biliyi və mənəvi keyfiyyətləri onların göstəricilərinin obyektiv qiymətləndirildiyinə ciddi şübhələr doğurur.
Cidanı çuvalda gizlətmək mümkün olmayacaq. Vəkilliyə buraxılmamış bir çoxlarına münasibətin siyasi yanaşmadan, onların fərqli vətəndaş mövqeyindən, vəkillikdə gerçək islahat tələblərindən və kimliklərindən irəli gəldiyi çoxlarına açıq-aşkar bəllidir. Onların əksəriyyəti Praktik hüquqşünaslar Qrupunun (PHQ) üzvləri və fəalları, hakimiyyət üçün ağrılı siyasi məhkəmə proseslərində hakimiyyət orqanlarının özbaşınalığının qurbanlarını yüksək peşəkarlıqla müdafiə etmiş, Avropa Məhkəməsinə şikayətlər yazan insanlardır. Onların bəzilərinin valideynləri QHT-lərə qarşı yaxın illərdə gerçəkləşdirilmiş “səlib yürüşü”nün qurbanlarıdır. Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur – xoruzun qırmızı quyruğu VK rəhbərliyinin qoltuğu altından aydın görünür.
Əslində bu yazını çoxdan yazmaq istəyirdim. Sonra düşündüm ki, Səməd Rəhimlinin də qərarını gözləyim. Çünki o, gənc nəsil hüquqçular arasında öndə gedən adamdır. Yüksək erudisiyası, mükəmməl şəxsi keyfiyyətləri ilə ədalət hissi olan hər kəsdə böyük hörmət qazanmış bu gənc VK-ya gerçəkdən böyük hörmət gətirəcək bir adamdır və ona münasibət də şəksiz göstəricidir. Onun şifahi müsahibə-imtahandan “2” alması artıq bütün hədlərin aşılmasıdır, imtahançıların özünüifşasıdır, VK-ya qəbulun sırf siyasi mülahizələrlə, avtoritar üsullarla, hətta allahsızcasına qərəzli aparılmasıdır. Hətta hərdən düşünürəm ki, bəlkə də imtahan götürənlərin intellektual qabiliyyəti, hüquq biliyi, ən başlıcası insanlığı Səmədin biliyini obyektiv qiymətləndirmək üçün yetərli olmayıb. Hər bir halda Səmədsiz VK özünü çox böyük itkilərə soxmuş acınacaqlı qurumdur.

Tural

Tural Hacıbəyli imtahandan keçmədiyini biləndə haqsızlıqdan az qala depressiyaya düşmüşdü. Mən, təbii ki, ondan betər durumda idim. Məhkəmələrdə hakimlərdən onun ünvanına o qədər yaxşı sözlər, bəzi hakimlərin hətta mənə belə oğul böyütdüyümə görə alqışlar da eşitmişdim. Təbii ki, qürurlanıram. Bizim yaxşı övladlarımız bizdən çox bu xalqın qazancıdır. Bilənlər üçün. “Bilməyən nə bilsin bizi, bilənlərə salam olsun!”
Turalı müxalifət nümayəndələrini məhkəmədə uğurla təmsil etdiyinə, PHQ-nin fəal üzvlərindən olduğuna, açıq fikirli, müstəqil şəxsiyyət olduğuna, nəhayət, Hacıbəyli olduğu üçün vəkilliyə qəbul etmədilər. Bu hakimiyyət deyəsən cavanlardan daha çox qorxmağa başlayıb…
Bəzən Turalı tərifləyənlər “Təbii ki, o Ənnağı Hacıbəyli deyil, amma maşallah, çox böyük gələcəyi olan, savadlı, özəlliklə çox qanacaqlı bir gəncdir” deyirlər. Əslində heç mən də otuz yaşımda Tural Hacıbəyli deyildim. Hüquq fakültəsini təzəcə bitirmiş gənc bir müəllim idim və Turalın indiki səviyyəsindən utanacaq dərəcədə geri qalırdım. Gerçəkdən. Ona görə də Turalın mənim yaşımda kim olacağı bəllidir və bunun qarşısını almaq mümkün deyil. Sabahın qarşısını almaq mümkünsüz olduğu kimi.
Qabaqcadan bəlli siyahı üzrə izrə imtahan götürənlər Turaldan da, başqalarından da maddələri əzbər, qanunda olduğu kimi təkrarlamağı tələb edirlər. Mən 40 il Mülki Məcəlləni tədris edən adamam və onun heç bir maddəsini əzbər bilmirəm. Axı niyə də bilməliyəm. Bu nə yanaşmadı? Sənə tutuquşu gərəkdi ya qanunu dərk eləyən, anlayıb ona şərh verə bilən hüquqçu?
Görünür, tutuquşu daha sərfəlidi, çünki onu idarə etmək daha asandı.

Asimə xanım

VK-da baş verən bu rəzalətlərdən Səməd, Tural, ya başqasının itirdikləri VK-nın və cəmiyyətin itirdiklərindən çox deyil. Onlar daha da böyüyəcək, daha böyük kişi olacaq, bu toplumun liderinə, qürur mənbəyinə çevriləcək. Heç vaxt pislik yaxşılığa, xeyirxahlığa uzun zaman qalib gələ bilməyib.
Adamı üzən, hətta anlamaq belə çətin olan məqamlardan biri yeni ailə qurmuş bu adamlara belə qansız münasibətdi. Səmədlə yanaşı həyat yoldaşı Asimə xanımı da vəkilliyə qəbul etməyiblər. O da fəal, savadlı hüquqçu kimi ağrılı proseslərdə haqqı pozulmuş insanları müdafiə edən dəyərli bir xanımdır.
Bunlar nə istəyirlər? Məqsəd müstəqil insanları, şəxsiyyətləri sındırmaq, boyunlarını boyunduruğa qoymaqdısa, ünvan düzgün seçilməyib. Artıq gecdir. Bu insanlar formalaşmış şəxsiyyətlərdi və onlar cəmiyyəti dəyişmək gücünə sahib, bu iddiada olan insanlardı. Axı bu qədər avantürist, bu qədər düşmənçilik, bunca qərəzli olmaq olmaz! Hədlər aşılanda insan çox iyrənc görünür. Bunun fərqində olmamaq isə ikiqat ikrah doğurur.
Ağıllı olun. Hamının hesabat verəcəyi gün var. Özünüzə, uşaqlarınıza buraxdığınız mirasa baxın və nəticə çıxarın. Elə eləyin ki, sonra gec olmasın.

P.S VK üzvlərindən xahiş edirəm ki, bu yazını bəyənməsinlər. Onlara problem yaradıb günaha batmaq istəmirəm.