Əfqan Sadıqov Binəqədiyə köçürülüb

Jurnalist Əfqan Sadıqov saxlanıldıqdan 6 gün sonra bu gün, iyulun 12-də Binəqədidəki İnzibati Həbs Olunanların Saxlanması Məntəqəsinə yerləşdirilib.

Bu haqda «Turan»a jurnalistin ailəsindən bildiriblər.

Ailəsindən verilən məlumata görə, Ə.Sadıqov iyulun 6-da Cəlilabad rayonunda, ata evində polislər tərəfindən saxlanılıb. Bundan sonra jurnalistdən xəbər almaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin iyulun 9-da yaydığı məlumatda bildirilib ki, Ə.Sadıqov Azərbaycanda yaranmış enerji problemi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə saxlanılıb və 30 sutka inzibati həbs ilə cəzalandırılıb.

Hələlik Ə.Sadıqovla görüşə bilməyən ailə üzvlərinin bildirməsinə görə, jurnalist Binəqədiyə köçürülənədək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb.

Jurnalistin vəkili Cavad Cavadlı isə onunla bu gün, iyulun 12-də Binəqədidəki məntəqədə görüşüb. Vəkil müvəkkili barədə Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərarı əldə edib. Onun sözlərinə görə, iyulun 7-də çıxarılmış məhkəmə qərarında inzibati qaydada həbs edilənlərin həbs yerində saxlanılması yazılsa da, Ə.Sadıqov yalnız iyulun 12-də məntəqəyə köçürülüb.

«Əfqan Sadıqov Cəlilabad rayonunda saxlanılıb. Ancaq o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq), 535.1 (Polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati həbsə məhkum edilib. Qərarda yazılır ki, o, iyulun 7-də Bakının Nərimanov rayonunda küçədə guya söyüş söyüb. Bu zaman Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ona yaxınlaşıb, qayda-qanuna əməl etməyə dəvət ediblər», – vəkil belə deyib.

Vəkil rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verib.