Adnan Oktar və daha 235 nəfər saxlanıldı

0

İctimaiyyət arasında Adnan hoca olaraq tanınan Adnan Oktar və ətrafındakılara qarşı İstanbul mərkəz olmaqla 5 istiqamətdə əməliyyatlar başladılıb.

İyulun 11-də səhər saatlarında keçirilən əməliyyatlarla əlaqəli İstanbul Polis İdarəsi açıqlamasında “Adnan Oktar cinayət təşkilatı” sözlərini işlədib.

235 şübhəliyə qarşı cinayət törətmək məqsədilə təşkilat qurmaq, uşaqların cinsi istismarı, seksual xarakterli hücum, azyaşlılarla seksual münasibət, uşağın qaçırılması və ya saxlanması ilə təcavüz, şantaj, insanları öz iradəsinə qarşı olaraq saxlama, siyasi və hərbi cəsusluq, dini inam və duyğuların istismar edilməsi ilə dələduzluq, sənəd saxtakarlığı, təhdid, insanları hərbi xidmətdən soyutmaq, rüşvət və digər ittihamlar irəli sürülür.

“İncik deyiləm, amma təəccüb içindəyəm”

Çəngəlköy bölgəsindəki evində saxlanan Adnan Oktarın cangüdənlərinin polisə müqavimət göstərdiyi deyilir.

Saxlanma əməliyyatları zamanı Adnan Oktarla telefonla danışdığını deyən Türkiyənin Cumhuriyyət qəzeti onun açıqlamalarını yazıb:

“İngilis təhlükəsizlik orqanları uzun müddətdir ki, bizə qarşı əməliyyat aparılmasını istəyir. Bu mövzuda Türkiyəyə heyət göndərib. Tayyip bəyin İngiltərə ziyarəti ərəfəsində də bu tələb bildirilib. Bu əməliyyatdan Tayyip bəyin də, daxili işlər nazirinin də xəbərinin olduğunu düşünmürəm. İncik deyiləm, amma təəccüb içindəyəm”.