Ağdamın işğal edilməsindən 25 il ötür…

Bu gün, iyulun 23-də Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 25 il ötür.

Rayonun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edilib, 128 min nəfər didərgin düşüb.

İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzeyin yandırılıb məhv edildiyi deyilir.

Rayonun 160 min nəfər əhalisindən 128 min nəfəri ölkənin 62 şəhər və rayonunda məskunlaşıb, işğal nəticəsində rayona 3 milyard 135 milyon dollar ziyan dəydiyi bildirilir.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılaşması imzalanana qədər Dağlıq Qarabağ, ətrafdakı 7 rayon və daha bir neçə kənd işğal edilib.

Münaqişənin nizamlanması ATƏT-in Minsk qrupuna həvalə olunub. Ona ABŞ, Fransa, Rusiya sədrlik edir.