AXCP-nin 2 üzvü həbs edilib

0

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki fəalının saxlanıldığı, ardınca, onların inzibati qaydada həbs edildiyi bildirilir.

AXCP-dən Turan-a verilən məlumata görə, saxlanılanlardan biri partiyanın Qazax rayon təşkilatının üzvü Tahir Mustafayevdir. Onu polis dünən, iyulun 10-da saxlayıb. Qazax rayon polis şöbəsindən gün ərzində cəbhəçinin yaxınlarına onunla bağlı heç bir informasiya verməyiblər.

Bu gün, iyulun 11-də yaxınları öyrənib ki, T.Mustafayev yerli rayon məhkəməsinin qərarı ilə 10 sutkalığa inzibati qaydada həbs edilib. Cəbhəçinin həbs qərarı polisin qanuni tələbinə əməl etməmə ilə əsaslandırılıb.

Daha bir AXCP üzvünün isə Lənkəran Məhkəməsinin qərarı ilə həbs edildiyi deyilir.

AXCP-dən bildiriblər ki, partiyanın Binəqədi təşkilatının fəallarından olan Ramin Əhmədovun yaxınları iyulun 9-da Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə çağırılıb. Cəbhəçinin atasının, qardaşının, qaynatası və kürəkəninin bölmədə tutulduğu, onların R.Əhmədov bölməyə getdikdən sonra sərbəst buraxıldıqları bildirilir.

AXCP-nin məlumatına görə, R.Əhmədov dünən, iyulun 10-da qeydiyyatda olduğu Lənkəran şəhərinə aparılıb. Ardınca, Lənkəran rayon Məhkəməsi qarşısına çıxarılan cəbhəçiyə 25 sutka inzibati həbs cəzası verildiyi bildirilir. Məhkəmə onu da polisin qanuni tələbinə əməl etməməkdə günahkar bilib.

AXCP üzvlərinin həbs edilıməsinin heç bir qanuni əsasının olmadığını, məhz siyasi fəaliyyətlərinə görə, həbs edildiklərini bəyan edib.

AXCP üzvlərinin həbsi ilə bağlı əlaqəli rəsmi qurumların münmasibətini almaq mümkün olmayıb.

Ancaq hakimiyyət təmsilçiləri müxtəlif vaxtlarda Azərbaycanda heç kimin siyasi səbəblərə görə həbs edilmədiyini, təqibə məruz qalmadığını bəyan ediblər.