Britaniyanın xarici işlər naziri istefa verib

Britaniyanın xarici işlər naziri Boris Johnson baş nazir Theresa May-in hökumətində davam edən siyasi böhranın dərinləşməsi əsnasında istefa verib.

Johnson-un iyulun 9-da istefasından əvvəl, iyulun 8-də axşam ölkənin Avropa İttifaqından ayrılması prosesinə nəzarət edən nazir David Davis istefasını bəyan etmişdi.

Bu, baş nazir Theresa May-ə zərbə sayılır.

David Davis istefa məktubunda May hökumətinin iyulun 6-da razılaşdığı Brexit planını tənqid edir. Davis May-ə yazıb ki, bu siyasət ölkəni “danışıqlar prosesində zəif və qaçılması mümkünsüz mövqeyə” salacaq.

Davis iyulun 8-də axşam istefa verib.

May-in hökuməti onsuz da kövrək durumdadır, son bir ildə bir neçə nazir cinsi qısnama iddiaları üzündən istefa verib.

May isə Davis-ə məktubunda yazıb ki, Brexit planı onun Avropanın vahid bazarını və gömrük birliyini tərk etmək öhdəliyinə uyğundur.

Davis-i kimin əvəzləyəcəyi iyulun 9-da açıqlanacaq.

May bu gün parlamentdə çıxış etməlidir.

Britaniyanın gələn il martın sonunadək AB-dən çıxacağı gözlənir. 2016-cı ildə keçirilmiş referendumda bloku tərk etməyin tərəfdarları cüzi fərqlə üstünlük qazanıblar.

MƏNBƏAzadliq Radiosu
Əvvəlki məqaləVəkillər Kollegiyası tanınmış vəkilə töhmət verdi
Növbəti məqalədəƏfqan Sadıqov və daha bir neçə nəfər paylaşımlarına görə həbs olunub