“British Airways” təyyarəsi Bakıya məcburi eniş edib

Cümə axşamı Londondan Mumbaiyə uçan “British Airways” təyyarəsi Bakı Beynəlxalq Aeroportuna məcburi eniş edib.

Bakı aeroportunun mətbuat xidmətinin məlumatına görə, eniş təyyarənin sol mühərrikinin dayanması səbəbindən həyata keçirilib.

Təyyarənin göyərtəsində 214 nəfər (197 sərnişin və 17 uçuş heyətinin üzvü) var idi.

Bununla əlaqədar iyulun 12-də səhər saat 05:52-də aeroportda həyəcan siqnalı verilib.

Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılıb. Təyyarə Bakı vaxtı ilə saat 06:29-da uğurlu eniş edib, xəsarət alan yoxdur.

Sərnişinlər hava limanının tranzit zonasında yerləşdirilib, onlara yemək və içkilər təqdim edilib.

Aeroportun mətbuat xidməti qeyd edib ki, Bakı aeroportunun müasir naviqasiya və yerüstü avadanlıqları fors-major vəziyyətlər yarandıqda aviaşirkətlərin regionun hava məkanında məhz Bakı aeroportunun seçməsinə imkan verir.