Bu artıq hökumət məsələsi deyil, Vətən məsələsidir.

Yadigar Sadıqov

Dünən Facebookda əsas gündəm “Subtropik əməliyyat”ının ildönümü idi. Bu mübahisələrə qarışmadım, amma xeyli oxudum. Gözlədim ki, “Elçibəy qiyamı yatırmamaqda, postunu qoyub getməkdə səhv edib” deyərkən bizi xəyanətkar elan edənlər bu qədər ağır, hətta “talışların genosidi” formasını almış ittihama da cavab verərlər. Amma olmadı. Bir tənqidə uydurma ittihamlarla cavab vermək görünür həm asandır, həm də konyunktura cəhətdən sərfəlidir. Az-çox nüfuzu olan insanları hər ehtimala qarşı gözdən salmaq lazımdır, nə olar, nə olmaz. “Talışların genosidi” kimi ağır ittihama cavab verməyə isə həvəs yoxdur nədənsə. Buna görə də bu missiyanı da öz üzərimə götürdüm.
“Subtropik əməliyyatı” əsasən iki istiqamətdə aparılıb – Talış zonasında quldurluqla məşğul olan insanlara qarşı və sovet dövründə idarə-müəssislərə rəhbərlik etməklə külli miqdarda sərvət toplamış insanlara qarşı.
Birinci istiqamətdə əsas hadisə Astaranın Şahağacı kəndində Gülağa Baxşəli oğlu Quliyevin ailəsi ilə birlikdə öldürülməsi olur. Bu hadisənin səbəbi ilə bağlı müxtəlif versiyalar var. Bəziləri Gülağanın vaxtilə Elçibəylə eyni həbsxanada cəza çəkməsi və aralarında yaşanan insidentlə bağlayırlar. İnandırıcı olmayan bu əhvalatı real saysaq belə, o zaman söhbətin şəxsi düşmənçilikdən getdiyini qəbul etməliyik. Belə olduqda, milli məsələnin, talışların məsələyə nə dəxli? Gülağa Quliyevlə qohumluq əlaqəsi olan və eyni kənd sakini Elçin İbrahimli isə hadisəni başqa cür əsaslandırır. Gülağanın Sovet adlı qardaşı Lənkəran sakini Rafiq Canıyevin (sonralar “qanuni oğru” adını alacaq Rövşən Lənkəranskinin atası) qətlində şübhəli bilinirdi (sonra məhkəmə də günahkar saydı) və Rusiyaya qaçmışdı. Gülağa Rafiq Canıyevin qohumlarından qisas təhdidi almışdı. Buna görə də kənddə maskalı adamların peyda olmasını eşidən kimi iranlı qonağı ilə birlikdə atəş açmağa başlayır. Halbuki gələnlər xüsusi təyinatlı polislər idilər və məqsədləri quldurluqla məşğul olan (hətta həcc mərasimindən gələnləri soyan) kənd sakinlərinin ələ keçirilməsi idi. Bu siyahıda Gülağanın adı olmayıb, ona qarşı dövlət tərəfindən də heç bir irad yox imiş. Lakin Gülağanı inandırmaq və təslimə sövq etmək cəhdləri uğursuz olur. Elçin İbrahimli bunu Gülağa Quliyevin xeyli spirtli içki içməsi və üstündən də nəşə çəkməsi ilə izah edir. Hər nədənsə, Gülağa atəş açmaqda davam edir. Hökumət qüvvələri tərəfindən isə qumbaraatanla verilən cavab nəticəsində özü, iranlı qonağı, həyat yoldaşı və 12 yaşlı oğlu həlak olurlar. Hərçənd ki, deyilənə görə, polis qadın və uşağın evdən çıxarılmasını təklif edib və Gülağa razılaşmayıb, bu baş verən hadisəyə bəraət qazandırmır. Polis günahsız insanların ölümündən yayınmaq üçün əlindən gələni etməli idi. Ya onlar evdən çıxarılana qədər gözləməli idi, ya atəş açanları snayperlə vurmalı idi, ya da başqa üsul tapmalı idi. Seçilən metoda haqq qazandırmaq heç cür mümkün deyil. Bu cinayətkar metoddur. Məhz cinayət. Lakin milli məsələyə aid heç nə yoxdur. Aparılan əməliyyat zamanı Şahağacı kəndindən 20-yə qədər adam tutulub. Lakin atəş açmadıqlarından, müqavimət göstərmədiklərindən heç birinin burnu qanamayıb. Onlar da talış olublar.
Zəngin adamlara qarşı əməliyyata gəlincə, xatırladım ki, söhbət biznesmenlərdən, sahibkarlardan getmirdi. Bu adamlar idarə-müəssisə rəhbəri olarkən qanunsuz şəkildə varlanmışdılar. Bizim üzərimizdən varlanmışdılar. İkinci sort çayı əla növ kimi bizə sırımışdılar, defisitdən istifadə edib məhsulu dövlət qiymətindən baha satmışdılar, hansısa məhsul hazırlanarkən tərkibində olmalı şeyləri az qatmışdılar, tikinti materiallarını, yanacaq məhsullarını kənara “əritmişdilər” və s. Hədəf bu insanlar olub. Yaxın ətrafından, qohumlarından və qulbeçəlik edənlərindən savayı kimsə onlardan xeyir görməyib, nə talışı, nə türkü. O zaman Lənkəranda deyildiyinə görə, uzun müddət müəssisə rəhbəri işləmiş birinin həyətindəki it yuvasının altından 27 kq qızıl tapılmışdı. Oxşar əməliyyatlar Azərbaycanın varlı sayılan bir çox rayonlarında həyata keçirilib. Elə Elman Fəttah öz kəndlərindən analoji hadisə haqqında mənə danışıb. İsgəndər Həmidovdan soruşanda bir neçə rayonun adını çəkmişdi. Bakıda, Sumqayıtda da keçirilib. Kimisinə xəbər yollamaq kifayət edib, kimisindən tutub zorla müsadirə ediblər. Bunun sırf talış olan zənginlərə qarşı, az qala “Talış milli burjuaziyasına qarşı” olduğu iddiası açıq-aşkar uydurmadır.
Müsadirələr məhkəmə hökmü olmadan keçirilib, sırf hüquqi baxımdan qanunsuz olublar. Lakin xatırladaq ki, yeni hökumət yaranmışdı, büdcədə siçanlar oynayırdı, müharibə isə pul tələb edirdi. Cəbhə xəttində çiyin-çiyinə vuruşan türkə, talışa, ləzgiyə, rusa, yəhudiyə silah lazım idi, sursat, yeyəcək, içəcək, geyəcək lazım idi. Bu fakt məhkəmə hökmü olmadan müsadirələrə bəraət verirmi? Açığı hər hansı cavab verməkdə çətinlik çəkirəm. Amma yazının məqsədi zatən bu suala cavab vermək deyil. Məqsəd müsadirələrin ölkənin müxtəlif yerlərində həyata keçirildiyi, etnik məsələnin burada rol oynamadığını izah etməkdir.
Yazının əvvəlində göstərdiyim səbəbdən öncə Elçibəy hökumətini yenə də müdafiə etmək fikrim yox idi. Lakin məsələ milli şəkil alır, bu artıq hökumət məsələsi deyil, Vətən məsələsidir. Gəlin məsuliyyətli olaq, əziz dostlar. Hər şeyi öz adı ilə çağıraq, uydurmayaq, başqa oyunlarda alət olmayaq.