Caninin qəhrəmana transformasiyası

Kənan Moylamlı

Hal-hazırda yaşadığım və çalışdığım ölkəylə doğulub-böyüyüb adam olduğum ölkə arasında paralellər aparmağı sevməsəm də bəzən bu, qaçılmaz olur. Hadisələr məcburən səni o istiqamətə yönəldir. Son baş verənlər barədə nə qədər susmağa çalışsam da alınmadı.

İşlədiyim klinika psixiatriyanın mühüm sahələrindən biri sayılan Məhkəmə Tibbi Psixiatriya üzrə ixtisaslaşıb və məlum məsələdir ki, pasiyentlər də müəyyən cinayətdən dolayı həm həbs müddətini çəkir həm də müalicə olunurlar.

Burada hər cür tip var, sözün əsl mənasında hər cürəsi: bacısının körpə uşağını zorlamışdan tutmuş, qoca nənə-babasını evə kilidləyib, evə od vurana qədər. Hətta adam elə hadisələrlə qarşılaşır ki, bu tip hallarla biz adətən Wes Cravenin filmlərində rastlaşırıq və bir az da reallıqdan uzaq kimi qiymətləndiririk.

Məsələni uzatmayaq, keçək bu pasiyentlərə göstərilən diqqətə, qayğıya. Bəli, bəli, düz oxudunuz – məhz qayğı. Təmiz palatalar, duşdan, televizordan istədikləri zaman istifadə haqqı, kitabxana, musiqi zalı, idman, futbol, tennis, oyun konsolası(!), gülərüz personal, yenicə təmirdən çıxmış şərq və qərb zalı, canlı musiqi, gündə üç dəfə saglam, yüksək kalorili qidalanma və s.

Hətta xəstəyə kobud davrandığın üçün, onun istəklərini haqsız yerə nəzərə almadığın üçün dirəşsən səni məhkəməyə də verə bilər. Bəzən özümü bu şəraitdə o qədər unuduram ki, bu adamları günahsız, zavallı, təsadüf nəticəsində bura düşmüş kimi qəbul edirəm. Bəzən onlarla danışdıqca kövrəlməyim də gəlir, inanın.

Bütün bu sadaladiqlarım özü-özünə, durduğu yerdə yaranmayıb, yaxud da kiminsə kefi isteyib bu şəraiti onlara yaratmayıb. Bu neçə yüz illik qaydalara malik insan haqqlarına əsaslanıb. Bəli, məcburən də olsa mən onun haqqını tanımalıyam. Hansısa bir nekrofilin haqqını tanımalıyam. Bu gün mənim ona qarşı aqressiyam, sabah özüylə bərabər daha fərqli problemlər gətirə bilər. O, klinikada nə zamansa gördüyü haqsızlığı, kənarda başqa cür – haqsızlığı ona eləmiş adama olmasa da, başqa adama göstərə bilər. Bulqakovun qəhrəmanı Professor Preobrajenskinin dediyi kimi- “canli varlıqla yeganə ünsiyyət vasitəsi onunla mehriban, insani davranmaqdır. Aqressiya, terror ilə sən heç nəyə nail ola bilməzsən”. Belə olan halda istər-istəməz insanda başqa insana qarşı hörmət yaranır, hansı günahı olsa da, sən ona bir fərd kimi yanaşmağa başlayırsan, problemini dərindən çözmək istəyirsən. İnsan haqqları elə budur. Əks halda sən cinayətkardır deyə, ölüncə döyüb, üstəlik də adamlara nümunə olsun deyə şəklini yayırsansa o zaman necə deyərlər, məsələ də başqa istiqamətə yönlənir.

Təsəvvürünüzə gətirin, cinayətkarın bütün haqları tanınıb, tam qanuni şəkildə mühakimə olunur, heç bir fiziki təzyiq yoxdur, və s., sizcə necə olardı? İnsanlar yenə özləri üçün qəhrəman yaradardılarmı? Bir sadə həqiqəti dərk eləmək lazımdır ki, aqressiya hər zaman aqressiya yaradır. Bu atom reaksiyası kimidir. Zəncirvari, get-gedə artan reaksiya.

Burda çətin hüquqi, fəlsəfi məsələlər yoxdur. Bunu anlamaq üçün cild-cild kitablar oxumaq lazım deyil. Çox sadə bir mexanizmdir. İnsan haqları dəyərləndirildiyi zaman, sən problemlərin həllinə başqa prizmadan yanaşmağa başlayırsan. Yox əgər cinayətkarın haqqını tanımırsansa, onu linç edib insanlara nümayiş etdirirsənsə, təbii ki, insanlar bundan Robin Hud, Qaçaq Nəbi düzəldəcəklər. Çünki kütlə, məsələnin dərinliyinə getməyi xoşlamır. Nece ki, Rövshen Lenkeranski timsalinda bunu gördük biz. Siravi insanlar kenara, hetta deputatlardan da bəziləri öz möhürlərini vurdular söhbətə.

Hal-hazirda Azərbyacanda biz yənə bunu izləyirik. Caninin qəhrəmana transformasiya prossesini, ona mahnılar yazılmasını, haqqında əfsanələr qoşulmasını ürək acısıyla seyr edirik. Axırı hara gedər, gedər…