Daha iki sayt rəhbəri barədə cinayət işi açılıb

Hər iki şəxs yalan məlumat yaymaqda ittiham edilir

Yalan məlumat yaymaqda günahlandırılan daha iki saytın vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.

APA-nın məlumatına görə, bunlar “gununsesi.info” və “teref.info” saytlarıdır.

Bundan əvvəl “bastainfo.az” və “criminalaz.com” saytlarının rəhbərləri də istintaqa cəlb ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə (vəzifə saxtakarlığı) cinayət işi başlandığı bildirilir.

İyulun 9-da Baş Prokurorluq məlumat yayaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsdlə əlaqədar bir neçə sayta qarşı da cinayət işi başlanıldığını bildirib. Həmin media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırlar.