Etirazımız təmizləməlidir! – Yalçın İmanov

Yalçın İmanov

90-cı illərin sonunda, təzə Sumqayıta köçən illərdə, dənizdən təxminən 4-5 kilometr uzaqlıqda yerləşən təzə evimizə dalğaların gurultusunun səsi gəlib çıxardı. Sahilə dəyib geri qayıdan dalğalar gur-gur guruldayırdı, evin içində dəniz suyunun şırıltısını aydın eşitmək olurdu. Hərdən gözlərimi yumub, gizli zövqlə bu nəhəng təbiət hadisəsini dinləyirdim!

Amma arada vahimə də basırdı, nəsə pis bir əlamətə yozub, “Allah, xeyrə calasın!” deyirdik. Şit damarımız tuturdu, qardaşımın o vaxt balaca olan uşaqlarını başıma yığıb, Dəccal haqqında ağlıma gələn ilk şeyləri uydururdum, deyirdim, indi, bu dəqiqə dənizdən təkgözlü Dəccal çıxacaq, iri, böyük addımlarla, yekə dəniz dalğalarını yara-yara, ayaqlarını şappıldadıb, sudan çölə, sahilə yan alacaq. Addımlarının yekəliyindən dənizin suyu ətrafa sıçrayacaq, adamların üst-başını isladacaq, dalğalar bu iri, yekə və naməhrəm addımlara gurulduyub etiraz eləyəcək…

Uşaqlar ağzını açıb maddım-maddım üzümə baxırdılar. Son dövrün (qiyamətin) ən böyük əlamətlərindən biri haqda bir az qorxu, bir az ironiya, bir az da zarafatla laqqırtı vurardıq, Dəccalla dinc durmayan, sözəbaxmayan dəcəl uşaqlar arasında paralel aparıb, şaqqıldayıb gülərdik.

İndi qaynar istilərin insanları heydən və əldən salıb, bütöv bir fəsili manasızlaşdırdığı günlərdə, adamların qatı tər qoxuyub, su kimi buxarlandığı vaxtlarda həmin 90-cı illərin sonu yadıma düşür.

Necə oldu o dəniz gurultusu? Hara yoxa çıxdı o sahilə dəyib parçalanan iri, yekə, qürurlu dalğalar? Və o dalğaların 4-5 kilometrlikdən eşidilən səsi, şırıldıyan suyu?

Yoxsa dəniz də sakitləşib susdu və əbədi olaraq qınına çəkildi? Bəlkə dəniz də böyük və əzəmətli olmaqdan yorulub, öz cari, sakit və rutin həyat tərzinə qayıtdı?

Yoxsa, təbiət elədiyimiz bütün pisliklərin, çirkli əllərimizlə harmoniya və bütövlüyünü pozduğumuz nizamın heyfini elə beləcə – yayda od vurub yandırmaqla, qışda buz töküb buzlatmaqla – bizdən alır?

***
İndi bu ucuz isti və qatı tərli günlərdə bizə tolerantlıq nağılından danışırlar. Məsələn, belə: Biri vardı, biri yoxdu, bir tolerant vardı, nağıl dili yüyrək olar, bu tolerant ayda-ildə, kefi-damağı çağ olanda, harasa getmək istəyəndə bizim ölkənin giriş qapısından hopp eləyib mübarək qədəmlərini içəri basar və dərhal da aləm dəyərdi bir-birinə. Cəmi camaat iki yerə parçalanıb, qabaq-qənşər dayanıb, uzun və nəticəsiz cəhli edərdilər.

Bu ölkəyə kimin gətirilib və ya gətirilməməsi, yaxud kimin gəlməsi və ya gəlməməsi şəxsən mənim üçün maraqlı deyil, heç bir qram da vecimə deyil. Ancaq davamlı sınanan dözümlülük yalanı ciddi düşüncə üçün yaxşı, ələdüşməz material verir.

Bu, necə tolerantlıqdır ki, bunun lobbiçiləri, adicə bir futbol qarşılaşmasında uduzmağı həzm eləyib, hülqumlarından keçirə bilmirlər, dava-mərəkə salıb, futbolun olub-qalan dadını, duzunu qaçırır, gözümüzdən salırlar?

Bu, nə tolerantlıqdır ki, çox zaman və geniş şəkildə niyəsə yalnız məğlub tərəfə təbliğ və əxz etdirilir? Niyə geniş azərbaycanlı kütlələrinin gündəlik təbliğat menyusuna salınan bu “təam” xoşlamadığın və yanlış saydığın hərəkətlərə təmkinli davranış və başqa insan(lar)ın həqiqətini başa düşməkdən daha çox, utanc məğlubiyyəti və əlacsızlıq hissini assosiasiya edir?

Əminəm ki, qalib əhvalında, yaxud əvvəlki vəziyyəti bərpa edib, torpaqlarımızı qaytaranda bu anlayış bu qədər qıcıqlandırmayacaq.

***
Tolerantlıq dedim, etiraz yadıma düşdü. Amma tolerantlığa qarşı yox, söhbət ümumi, ölkəboyu etirazlardan, bütövlükdə etiraz hissindən gedir. Etiraz azadlığın əsas ifadə formasıdırsa, etirazın cəmiyyətə necə, hansı libasda təqdim edilməsi, üsulu da bir başqa, amma çox vacib məsələdir. Məncə, etiraz, etiraz ruhu birmənalı təmizləyici, təzələyici ruhda, tonda olmalıdır. Necə izah edim, heç bilmirəm. Bax, məsələn, suçəkən kimi. Necə balaca vaxtı mürəkkəbi töküb, iri ləkələr saldığımız mil-mil dəftərlərimizi suçəkənlə təmizləyib, ağardırdıqsa, onun kimi, ona oxşar bir şey. Yaxud 90-cı illərin sonunda dənizin guruldayıb, iri dalğalarını sahilə çırpıb, şırıltısını 4-5 kilometrlərlə kənara yayıb, təmizlənmək istəyi, arınmaq hirsi-hikkəsi kimi bir şey. Tam desəm, etiraz və onun ifadə forması, libası bizi, böyük azərbaycanlı kütlələrini təmizləyib, arındırıb, anadangəlmə, qəttəzə eləməlidir ki ondan bəlkə bir şey törəsin, nəyinsə başlanğıcı, təkanvericisi olsun.
Mənim son yadıma gələn, xatırladığım belə bir etiraz forması 2016-cı ilin yanvar ayının əvvəlində Füzuli rayonunun Bala Bəhmənli kəndində baş vermişdi. Heç bir iqtisadi əsası olmayan, azğın bahalaşmaya qarşı çıxan insanlar dəbilqəli, kaskalı, silahlı-sursatlı polislərlə üz-üzə, qabaq-qənşər gəlir və kütlənin içindən bir nəfərin gərgin, amma təsirli səsi eşidilir: “Oturun aşağı, oturun aşağı, oturun, hamınız bir-birinizdən tutun! Tutun bir-birinizdən! Qoy gəlsinlər!..”.

Bu həyacanı yaşamaq istəyənlər bu linkə daxil olub, 51-58-ci saniyələri dinləyə bilərlər!

Nəsə inanılmaz, izahedilməz bir hissdi. Hər dəfə bu linkə daxil olub, gənc bir oğlanın həmin o “bir-birinizdən tutun!” deyən təsirli səsini eşitdikcə, özümdən asılı olmadan qanım qaynayır, qəlbim həyacandan aramsız çırpınır.

Bəzən vur-tut bir söz belə arındıra və bütövləşdirə, böyük bir dəyişimin stimulu, qığılcımı və dayaq nöqtəsi ola bilər.

***
Təxminən bir ay olar, Novxanı çimərliyınə getmişdim, suya baş vuranda, nisbətən bərkimiş nəcis qalıqlarına rast gəldim. Qanım qaraldı, həvəsdən düşüb, kənara çıxdım.

…Etiraz təmizləyib, arındırmalıdır, dəniz kimi dalğaları sahilə dəyib, çırpılmalıdır, kilometrlərlə uzağa səy-küy salıb, şırıldamalı, durulmalı, durultmalıdır, çoxillik ağrılarımızın hovunu almalıdır, “bir-birinizdən tutun!” deməlidir. Nə vaxt ki etirazlarımız bizi təmizləyib, arındırıb, uğur qaçılmaz olub. Əks təqdirdə, üzdüyün yerdə beyqəfil bərkimiş nəcis kütləsinə rast gəlirsən…