Facebook-un səhmləri ucuzlaşıb

Facebook rüblük hesabatını dərc edəndən sonra səhmləri 24 faiz ucuzlaşıb.

Şirkətin dəyəri 150 milyard dollar düşüb.

Hesabatda deyilir ki, şirkətin üç ay ərzində gəliri 42 faiz artaraq 13 milyard dolları aşıb. Ancaq analitiklər bu göstəricinin daha yüksək olacağını gözləyirdilər.

3 MİLYON NƏFƏR AZALMA

Facebook-dan gündəlik istifadə edənlərin sayı 1,5 milyard nəfərdir. Di gəl, Avropada istifadəçilərin sayı 3 milyon azalıb. Təhlilçilər bunu məlumatların sızdırılması qalmaqalı, eləcə də internet trollarının hesablarından saxta xəbərlərin yayılması ilə əlaqələndirirlər.

Sosial şəbəkə martda ciddi qalmaqal yaşadı. O zaman Cambridge Analytica şirkəti vasitəsilə 87 milyon istifadəçinin bilgisinin sızdırıldığı bəlli oldu. Həm də bu məlumatlar Rusiyanın ABŞ-da seçkiyə müdaxiləsi iddiaları araşdırıldığı bir dönəmdə yayıldı. Moskva ittihamları rədd edir.

“Reuters” agentliyi yazır ki, ikinci rübün nəticələri həm də Avropada yeni gizlilik qanununun öz təsirini göstərməyə başladığını üzə çıxarıb.

Agentlik yazır ki, səhm düşüşü iyulun 26-da davam etsə, bu 2012-ci ilin iyulundan bəri ən böyük günlük azalma olacaq. O vaxt 12 faizlik düşüş qeydə alınmışdı.

Apreldə şirkət gəlirlərinin 63 faiz artdığını, həmçinin istifadəçilərinin çoxaldığımı bildirmişdi.

GƏLİR NİYƏ AZALIR

Facebook investorlara xəbərdarlıq etmişdi ki, ikinci rübün xərclərində ciddi sıçrayış ola bilər, çünki istifadəçilərin gizliliyi problemlərinin həlli üçün işlər görülür, istifadəçilərin postları daha çox monitorinq olunur. İkinci rübün cəmi xərcləri 7,4 milyard dollar olub, bir il öncəkindən 50 faiz artıq.

Şirkət ilin ikinci yarısı üçün də oxşar artımlar proqnozlaşdırır, video kontent və marketinq xərclərinin artacağını bildirir.

Avropa Birliyində Baş Datanı Qoruma Qaydalarının (GDPR) gəlirləri azaldacağı proqnozlaşdırılır. Bu yeni qanun Facebook-u gizlilik şərtlərində xeyli dəyişikliklərə sövq edib. Yəni daha az istifadəçi şəxsə yönəlik olmayan reklamları görmək istəyir və bu da gəlirin azalmasıyla sonuclanır.

Şirkət ilk dəfə olaraq onu da bildirib ki, hər ay 2,5 milyarddan çox istifadəçi apps-lərindən azı birindən istifadə edir. Amma təhlilçilərin fikrincə, həmin istifadəçilərin çoxu Messenger, WhatsApp və Instagram-da vaxt keçirir. Bu tətbiqlərin kommersiyalaşdırılması isə hələ təzə başlayır.

Loup Ventures şirkətindən Gene Munster-in deməsinə görə, Facebook “yeni perioda qədəm qoyur”, yəni istifadəçi sayının azalması gəlir artımının yavaşımasına təsirini göstərəcək.