Hüquq müdafiəçiləri Makrona müraciət edib

Emmanuel Makron

Azərbaycanlı və beynəlxalq hüquq müdafiəçiləri Fransa prezidenti Emmanuel Makrona müraciət edərək iyulun 20-də prezident İlham Əliyevlə görüşündə Azərbaycanda insan haqları ilə bağlı problemlərə diqqət yetirməsini istəyiblər.

Müraciətdə 100-dən çox müxalifət tərəfdarının, jurnalist, bloqqer və dini fəalın həbsdə saxlandığını vurğulayan müəlliflər Azərbaycanda insan hüquqları sahəsində «cansıxıcı» vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.

««Amnesty International» tərəfindən vicdan məhbusu kimi qəbul edilmiş müxalifət lideri İlqar Məmmədov Avropa İnsan Hüquqları Məhkəməsinin onun həbsinin qanunsuz olduğunu etiraf edən 2014-cü il may tarixli qərarına baxmayaraq, hələ də barmaqlıqlar arxasındadır. 2017-ci ilin noyabrında AİHM təkrarən İ.Məmmədovun ədalətli məhkəmə təhqiqatı hüquqlarının pozulduğu barədə qərar verib», – müraciətdə yazılır.

Müraciət müəllifləri Makrondan xahiş edirlər ki, İ.Əliyevi İ.Məmmədovu, eləcə də dinc yolla ifadə, din və əqidə azadlığı hüquqlarını tələb etdiklərinə görə həbs olunan bütün şəxsləri qeyd-şərtsiz azad etməyə çağırsın.

«2017-ci il oktyabrın 25-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana qarşı AİHM qərarlarının icra edilməməsi haqqında Avropa Konvensiyasının 46-cı maddəsi ilə araşdırma başlanması haqqında misli görünməmiş qərar qəbul edib. Proses Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə və ölkənin AŞPA-da səs hüququndan məhrum edilməsinə gətirib çıxara bilər. Hesab edirik ki, sizin müdaxiləniz İlqar Məmmədovun və Azərbaycandakı digər siyasi məhbusların işinə təsir edə bilər», – deyə müraciətin sonunda bildirilir.

Müraciəti hüquq müdafiəçiləri adından İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov və İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq (Belçika) direktoru Bricit Dyufur imzalayıb.

Müraciətin bir nüsxəsi Fransanın Azərbaycandakı səfirliyinə göndərilib.

Azərbaycan hakimiyyəti insan hüquqları sahəsində yerli və beynəlxalq hüquq müdafiəçilərinin tənqidlərini qəbul etmir, ölkədə siyasi məhbus problemi olması haqda iradları rədd edir.

Yerli hüquq müdafiəçiləri ölkədə təxminən 160 siyasi məhbus olduğunu bildirirlər.