İcra başçısını vuranın Suriyada təlim keçdiyi iddia olunur

Gəncə şəhərində anadan olmuş Yunis Səfərovun iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirəsi məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi hadisəsi barədə iyulun 6-da yaydıqları birgə məlumatda belə deyilir. Məlumatı DİN-yayıb.

Hüquq-mühafizə qurumları bildirir ki, Y.Səfərov 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşayıb. İddia olunur ki, Y.Səfərov həmin müddət Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.

Onun 2017-ci ildə Gəncəyə gəldiyi, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün “Kapitalbank”ın Gəncə filialında postda duran polis əməkdaşına hücum etdiyi, “Makarov” markalı xidməti tapançanı ələ keçirdiyi bildirilir.

Prokurorluq bildirir ki, Y.Səfərov bu ilin yanvarından Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə izləyib, daha sonra onları qətlə yetirməyə cəhd edib. Hüquq-mühafizə qurumları iddia edir ki, araşdırmalar zamanı Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olduğu müəyyən edilib.

“O, bu məqsədini həyata keçirmək üçün “Müsəlman Birliyi Hərəkatı” adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb, onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tutacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutub. Videomüraciətdə Y.Səfərov “Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır” deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış edib”, prokurorlugun açıqlamasında yazılır.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Y.Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfərin tutulduğu bildirilir.

Prokurorluq vurğulayıb ki, terror aktlarına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edənlərə qarşı qanunla müəyyən edilmiş ən ciddi tədbirlər görüləcək.

Y.Səfərovun yaxınları, vəkilləri indiyədək olayla bağlı hər hansı açıqlama verməyiblər.

Rəsmi bilgilərə görə, iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovun saxlanaraq, tərksilah edildiyi qeyd edilir.

“Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb”, olayla bağlı hüquq-mühafizə qurumlarının açıqlamasında belə yazılırdı.