Ictimayyət İlkin Rüstəmzadəyə azadlıq tələb etdi!

0

NİDA Vətəndaş Hərəkatının üzvü, vicdan məhbusu İlkin Rüstəmzadə həbsdən müraciət yayaraq, ictimayyətdən dəstək istəyib. O müraciətində bildirib ki, “artıq 6-cı ildir ki, həbsdəyəm. Və ilk dəfədir ki, özümü bu qədər gücsüz hiss edirəm. İlk dəfədir ki, dəstəyinizə bu qədər böyük ehtiyacım var. Artıq boğuluram,nəfəs ala bilmirəm. Məni burda hər gün diri-diri öldürürlər.Heç kimə tətbiq olunmayan ən sərt məhdudiyyətlər, ən xırda məsələlərə ilişmələr, gündəlik didişmək məcburiyyətində qaldığım hər cür təxribatlar. Bunlar hələ bir hissəsidir. Artıq hiss edirəm ki, gücüm çatmır. Əllərimi arxadan qandallayıb saçımı qırxdılar.
Sonra zabitlərdən bir neçəsi gəldi ki, sənə qarşı yanlışlıq olub. Sənə qarşı bir də heç nə olmayacaq. Sakitlik cəmi 1 ay çəkdi. Bir aydan sonra yenə ilişmələr. Sıra yoxlamasına niyə çıxmırsan? Çıxmışam! Gəl izahat yaz. Töhmət, get”.

Siyasi təşkilatların nümayəndələri İlkin Rüstəmzadənin müraciətinə münasibət bildiriblər. İlkinin dərhal azadlıqa buraxəılmasını tələb ediblər.

Cəmil Həsənli

Milli Şurasın sədri, professor Cəmil Həsənli:

Siyasi məhbus İlkin Rüstəmzadənin həyəcanlı məktubu yayılıb. Altınıc ilə keçir İlkinin həbsi. Onunla eyni maddələr üzrə həbs olunan bütün gənclər azadlığa çıxıb. Bundan sonra İlkinin həbsdə saxlanması məqsədlidir. Onu sındırmaq, ram etmək, natəmiz işlərə cəlb edib şərəfli adını ləkələmək istəyirlər. Sonuncu dəfə Azərbaycan üzrə AŞPA həmməruzəçisi Şennakla görüşəndə maraqlı bir məqam oldu. Biz İlkinin məsələsinə toxunanda, artıq həbs edilmiş NİDA-çı gənclərin azad olunduğunu deyəndə cənab Şennak sual tərzində soruşdu – bilirsiniz də İlkini niyə buraxmırlar? Əslində mən məsələnin niyəsini bilsəm də, onu Şennakın dilindən eşitmək məqsədi ilə dedim ki, yox bilmirik. Cənab Şennak Azərbaycan xüsusi xidmət orqanlarının İlkini əməkdaşlığa cəlb etməsi, bu məqsədlə ona təzyiq göstərməsi, İlkinin xüsusi xidmət orqanları ilə hər hansı əməkdaşlıqdan nümayişkarcasına imtina etməsi barədə bildiklərini danışdı. Deməli hamı, o cümlədən Avropada insan haqlarına cavabdeh olan AŞPA-da bilir ki, İlkin Rüstəmzadəyə natəmiz təkliflər edilib, qəbul etmədiyi üçün həbs yerində incidirlər, adını əvfə salmırlar, həbsxana kamerasından belə əlaqələrinə nəzarət edirlər. Azərbaycanın çox istedadlı, vətənpərvər gənclərindən olan İlkin bəy tamamilə saxta ittihamla 6 ildir ki, həbsdə saxlanılır. Bu azmış kimi adama cəzçəkmə yerində də rahatlıq vermirlər, təxribatlar quraşdırırlar. İlkin İlham Əliyev rejiminin korrupsiya əməllərinə, bu korrupsiyanın doğurduğu əsgər ölümlərinə yox dediyinə görə həbsdədir. Onun dedikləri sənəd-sübutla təsdiqini tapdı. Məlum oldu ki, əsgərin həyatını, təhlükəsizliyini təmin etməli olan büdcə vəsaitləri gizli şəkildə London ofşorlarına göndərilib, Məlum oldu ki, ölkənin kəşfiyyatı üçün ayrılmış büdcə vəsaitləri də eyni qaydada talan edildiyi üçün idarə edilən cəmiyyət yaratmaq eşqinə düşən MTN öz agentura şəbəkəsi ilə birgə çökdü, enerji sistemindən 3 il əvvəl ölkənin təhlükəsizlik sistemi çokdü.İlham Əliyev siyasətinin yekunu idi bu çöküş. İndi İlkin Rüstəmzadə kimi namuslu bir gənci natəmiz işlərə cəlb etməklə onu sındırmaq, vətənçilik ideallarına ləkə salmaq, gənclərə örnək ola bilən bir mübarizə adamını aşağılamaqla rejim öz anti-milli mahiyyətini ortaya qoyur. Bir neçə gün öncə sui-qəsd nəticəsində güllələnmiş Gəncə icra başçısına qarşı tüğyan edən ümumxalq nifrətində İlkinə təxribat oru toxuyanların hamısının payı var.

Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı:

“Yox” deməyi bacaran adamları məhv etmək xətti toplumu məhv etmək xəttidir. Çünki, yalnız belə adamlar cəmiyyəti deqradasiyadan qoruyub saxlayır, inkişaf etdirir.
İlkin Rüstəmzadə hər kəsin düşündüyü, amma deyə bilmədiyi sözü deyə bilən, bir çoxlarının çəkindiyi addımı atmaqdan çəkinməyən, cəmiyyətin maraqları naminə fədakarlığa hazır olan, fərqli gənclərimizdəndir.
O öz davranışları ilə yalnız dostlarının, xalqın deyil, onu düşmən hesab edənlərin də hörmətinə layiq olduğunu təsdiq etdi.
Azadlıq İlkinin haqqıdır.
İlkin Rüstəmzadəyə azadlıq!

Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli:

Sonra da şikayətlənirlər ki, xalq niyə bizə nifrət edir. Adamlara hər gün zülm edirsiz. Həm də yalnız milyonlarla sadə vətəndaşa yox, başqalarının da hüquqlarını qorumağa çalışan əqidəli insanlara da zülm edirsiz. İlkin Rüstəmli şəhərin mərkəzində “Әsgər ölümlərinə son!” mitinqini təşkil edəndə cəmi 20 yaşı var idi.

O vaxtdan 5 il yarımdır ki, həbsdədir. İlkinin gəncliyini məhv etmək kifayət etmir bu zalımlara. Onun arzularını, bütün həyatını məhv etmək istəyirlər. Onu əymək, sındırmaq, hansısa sənədlərə qol çəkdirmək istəyirlər.

İlkinin vəziyyəti ağırdır, ancaq o, dirənib, təslim olmur. İlkin bəyin canından artıq sevdiyi Vətəninin, soydaşlarının köməyinə ehtiyacı var. Özü də açıq yazdığı kimi, heç zaman olmayan qәdәr indi ehtiyacı var. İlkin cəmi 20 yaşı olanda bizim övladlarımızın, qardaşlarımızın əsgərlikdə ölməməsi üçün sinəsini qabağa verib, sərt mübarizəyə başladı. İndi də sıra bizimdir.

İlkin Rüstəmlini hamılıqla müdafiə edib, zalımların cəngindən xilas etməliyik. Hamı görməli və əmin olmalıdır ki, Azərbaycanda artıq el üçün ağlayan gözlər kor olmur!

Samir Əsədli
Samir Əsədli

VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli:

Təəssüf ki, bəzən sabahın işıqlı gələcəyinə gedən yol bu günün acılarından keçir. Biz ölkəmizdə həmin dövrü yaşayırıq. Əziz dostumuz, mübariz vətənpərvər İlkin Rüstəmzadə ilə bağlı bu günlər aldığımız həyacanlı xəbərlər də bunu göstərir. İlkin Rüstəmzadə bu ölkənin ən savadlı, qətiyyətli, prinspial gənclərindən biridir. Ona görə də rejimin xüsusi “qara siyahı”sındadır.
Hər qaranlıq gecənin bir gündüzü olduğu kimi hər əsarətin, zindan həyatının da sonunda bir AZADLIQ var. Bu gün İlkin bəy Azərbaycan gəncliyinin döyüş ruhudur, mübarizə əzmidir. Dünyada hələ heç bir zülm, zalım HAQQ qarşısında duruş gətirib dayana bilməyib. Bu gün həmin ruh, mübarizə əzmi zindanlara atılsa da onun sabah pərvaz edib xalqla birgə azadlığa qovuşacağı şəksizdir. Səninləyik, İLKİN BƏY!!!

Əbülfəz Qurbanlı

NiDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Əbülfəz Qurbanlı:

Bu gün İlkin Rüstəmzadəgilə baş çəkdik. İlkinə olan təzyiqləri danışdıq. İlkinin vəziyyəti yaxşı deyil, təzyiqlər və başqa problemlər olduqca mənfi təsir edib. Bizim dəstəyimizə ehtiyacı var.

-Telefon danışığına müdaxilə olunur. Bu iş üçün ayrılmış əməliyyatçı israr edir ki, sən danışma, nə deməlisənsə, ver ailənə mən deyim.

– Belindən əməliyyat olunub, qospitala buraxılmalı olduğu halda həbsxanada saxlanılır və həkim deyib ki, səhhətindəki problemlər həbsxana şəraitində həll olunmayacaq.

-Tanımadığı dustaqlar İlkinə ilişərək onu təxribata çəkmək istəyib.

-Əlləri qandanllanaraq saçı məcburi qaydada qırxılıb.

-Həbsxanada su problemi var. Aparılan sular geri qaytarılıb. Havasızlıq və istidən nəfəs almaq olmur.