İranda azərbaycanlı fəal müvəqqəti azadlıqa buraxılıb

İranda azərbaycanlı milli fəal Abbas Lisani girov müqabilində Təbrizin Mərkəzi Zindanından müvəqqəti olaraq azadlıqa buraxılıb.

İyulun 2-də Ərdəbildə iş yerində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Abbas Lisani 12 günlük həbsdən sonra iyulun 14-də 50 milyon İran pulu qarşılığında sərbəst buraxılıb.

Abbas Lisanı həbsdə olduğu müddətdə 7 gün aclıq aksiyası keçirib.

Babək qalası yürüşünə bir neçə gün qalmış saxlanılan ərdəbilli fəal Təbrizin Mərkəzi Zindanına təhvil verilmişdir. Şahidlərin dediyinə görə, məmurlar Lisanini həbs edərkən onun mobil telefonunu götürüblər.

Tanınmış azərbaycanlı fəal Təbriz Zindanının xüsusi bölümündə təkadamlıq kamerasında saxlanılıb. Məlumata görə, bu müddətdə ETTELAAT İdarəsinin tapşırığı ilə Abbas Lisaniyə heç kimlə görüş verməyiblər.

Fəal saxlandığı müddətdə dəfələrlə Təbrizin ETTELAAT-a aparılaraq sorğu-suala tutulub və yenidən zindana qaytarılıb.

Qeyd edək ki, Abbas Lisani Güney Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biridir. O İranda Azərbaycan türklərinin  demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə uzun illər həbs edilib, dəfələrlə saxlanılıb, işgəncəyə və müxtəlif təzyiqlərə məruz qalıb.