Pula yanaşmanızı dəyişəcək 3 kitab

Şəxsi maliyyə ilə bağlı çox sayda kitab yazılıb. Ancaq onlardan yalnız bəziləri sizin düşüncə tərzinizi dəyişməyə qadirdir.

ABŞ-ın CNBC telekanalının «Make It» portalı yazır ki, özü varlanmış milyonçular pul haqda üç kitabı oxuculara tövsiyə edirlər. Onlar bu kitabların onların pulu xərcləmək və ona qənaət etməklə bağlı düşüncə tərzini formalaşdırdığını deyirlər.

Viki Robin, Co Dominqes: «Pul kisəsi, yoxsa həyat» (Your Money or Your Life)

1992-ci ildə yazılmış və artıq klassikaya çevrilmiş bu kitabın bu yaxınlarda yenidən redaktə olunmuş və təkmilləşdirilmiş versiyası işıq üzü görüb. Bu kitab erkən yaşda təqaüdə çıxan və çox böyük məbləğdə pula qənaət edə bilən şəxslər arasında olduqca populyardır.

Nyu-York şəhərində yaşayan, «Pul vərdişi» (The Money Habit) adlı bloqunda JP Livingston ləqəbi ilə yazan bir millenial (1980-2000-ci illər arasında doğulan adamlara belə deyilir) 30 yaşına çatmamış 2.25 milyon dollarla təqaüdə çıxıb. O, CNBC-nin «Make It» layihəsinə müsahibəsində deyib ki, təqaüd məsələsi ilə bağlı gözlərini açan «Pul kisəsi, yoxsa həyat» kitabı olub.

«Millennial Money» saytı ilə tanınan digər bir millenial milyonçu Qrant Sabatyerinsə ilk vaxtlar bank hesabında cəmi 2.26 dollar olub. Ancaq sonradan bu, yeddirəqəmli bir məbləğə çevrilib. Sabatyer bu kitabı «pul haqda ən yaxşı kitab, nöqtə» adlandırıb. Özü də o bu vaxtadək şəxsi maliyyəyə dair 360 kitab oxuduğunu deyir. Onun sözlərinə görə, kitab onun pulla münasibətlərini, xərcləməyə və qənaətə yanaşmasını dəyişib. «İşin mahiyyəti ondan ibarətdir ki, siz vaxtınızı pula dəyişirsiniz. Və siz həyatınızın neçə saatını nəyisə almaq üçün pul yığmağa sərf etdiyinizi düşünməyə başlayanda bir şeyi almamış bir daha düşünürsünüz», – o deyir.

«Məsələn, mən gündə səkkiz saat çalışıram və vergilərdən sonra saatıma 10 dollar düşür. Deməli, mən gündə 80 dollar qazanıram. Mən cümə günü yaxşı bir şam yeməyinə getmək istəyirəm, bu isə 80 dollara başa gələcək. Bu o deməkdir ki, həyatımın bütöv bir iş gününü bu yeməyə xərclədim. Sonra da daha bahalı şeylər, məsələn, 1000 dollarlıq televizor haqda düşünməyə başlayırsan. «Mən həyatımın nə qədər hissəsini buna dəyişmişəm? Buna dəyərdimi?», – deyə düşünürsən».

Ceykob Lund Fisker: «Təqaüdə erkən çıxma» (Early Retirement Extreme)

«The Money Wizard» kimi tanınan maliyyə bloqqeri 25 yaşınadək 100 min dollar yığa bilib. O da erkən 30 yaşlarında təqaüdə çıxmağı planlaşdırır. O, maliyyə müstəqilliyinə 22 yaşında Ceykob Lund Fiskerin kitabını oxuduqdan sonra nail olduğunu deyir.

«Kitab bütövlükdə mənim iş karyerasına baxışımı dəyişdi. Əksər insanlar kimi daim düşünürdüm ki, təqaüdə çıxmaq üçün bir neçə milyon dollarım olmalıdır. Ancaq kitabda müəllif sübut etməyə çalışır ki, bundan qat-qat az məbləğlə də təqaüdə çıxmaq mümkündür. Bu, heç də hamı üçün eyni deyil. Bu sizin nə qədər pul xərcləməyinizə və xərclərinizin nədən ibarət olmasına bağlıdır», – deyə o CNBC-yə deyib.

Kel Nyuport: «Bəsdir arzuladın, işlə məşğul ol!»

Kris Reyninq 35 yaşında 1 milyon dollar toplaya bilib, 37 yaşında isə təqaüdə çıxıb. O, bunu özündə bir neçə vərdiş formalaşdıraraq bacara bilib. Bu vərdişlərdən biri hər gecə bir saat kitab oxumaqdır. Reyninq öz bloqunda həyatına ən çox təsir göstərmiş kitabları paylaşır. Kel Nyuportun kitabı da bu siyahıdadır.

«Əksər insanlar anlamırlar ki, nə qədər pul qazanmağın sənin öz dəyərindən asılıdır. Özü də sən bu dəyəri Kel Nyuportun «karyera kapitalı» adlandırdığı şeyi inkişaf etdirməklə, yaxud get-gedə daha çox bacarığa yiyələnməklə artırırsan», – Reyninq yazır.

Özü varlanmış milyonçunun sözlərinə görə, özəlliklə də gənclər bu kitabı mütləq oxumalıdırlar: «Əgər mən bu kitabı iş həyatıma başlayan vaxtlarda oxumuş olsaydım, 20 yaşlarımda durğun həyat yaşayaraq bu qədər vaxt itirməzdim. Bilərdim ki, karyeramı irəli aparmaq üçün daha çox bacarığa yiyələnməliyəm».