Robert Köçəryan həbs edilib

İyulun 28-nə keçən gecə Yerevan Şəhər Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Köçəryanı iki ay müddətinə həbs edib.

O, güc tətbiqilə konstitusiya quruluşunu devirmək cəhdində ittiham edilib. 2008-ci il martın 1-2-də Yerevanda baş vermiş etiraz mitinqlərinin dağıdılması və ölkədə fövqəladə vəziyyətin elan edilməsi nəzərdə tutulur.

Vəkil Ruben Saakyan bildirib ki, R.Köçəryanın həbsindən şikayət edəcək. O əlavə edib ki, müttəhim məhkəmənin qərarına sakit reaksiya verib.

Bu gün vəkillər işlə bağlı mətbuat konfransı keçiriblər.

Eks-prezidenti 15 ilədək həbs təhlükəsi gözləyir. R.Köçəryan ona qarşı ittihamları “siyasi təqib” adlandırıb.

İş üzrə KTMT baş katibi, general Yuri Xaçaturov da keçir. Ötən gün istintaq onu həbs edib, ancaq iyulun 27-də axşam məhkəmə onu zaminə buraxıb.

* Robert Köçəryan 1988-ci ildə Dağlıq Qarabağda separatçı hərəkatın liderlərindən biri olub. Sonradan Azərbaycan hakimiyyətinə qarşı silahlı qırğına rəhbərlik edib (1990-1992-ci illər).

1997-ci ilədək “Qarabağ Dövlət Müdafiə Komitəsinin sədri, baş nazir və Dağlıq Qarabağ prezidenti” postlarını tutub.

1997-ci ildə Ermənistanın baş naziri, bir idən sonra isə ölkə prezidenti olub. 2008-ci ilədək bu postu tutub, həmin il hakimiyyəti Serj Sarkisyana verib.