Robert Koçaryana qarşı ittiham irəli sürülüb

Robert Koçaryan

Erməistan Xüsusi İstintaq Xidməti (XİX) sabiq ölkə prezidenti Robert Koçaryanın həbs edilməsi dair vəsatətlə məhkəməyə müraciət edib.

Robert Koçaryan 2008-ci il 1 mart hadisələrinin araşdırılması ilə bağlı cinayət işi çərçivəsində Ermənistan Respublikası Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsi üzrə, başqa şəxslərlə ilkin sövdələşməyə gələrək, Ermənistanda Konstitusiya quruluşunu devirməkdə ittiham olunur, Ermənistan Xüsusi İstintaq Xidmətinin iyulun 26-da yaydığı məlumatda deyilir.

Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün XİX iyulun 26-da Yerevan Ümumi Yurisdiksiya Məhkəməsinə vəsatət təqdim edib.

XİX-in məlumatına görə, Ermənistanın sabiq prezidenti Robert Koçaryan həmin gün şahid qismində 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə ifadə verməyə dəvət olunmuşdu. Sorğu üç saat davam edib.

2008-ci il martın 1 və 2-də polis qüvvələrinin 19 fevral prezident seçkilərinin “nəticələrinin saxtalaşdırılması sayəsində” Serj Sarkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən, 2 polis əməkdaşı həlak olub, 200-dən çox insan xəsarət almışdı.

Hadisə ilə bağlı qaldırılan cinayət işi üzrə bu günədək heç kəs məsuliyyətə cəlb olunmayıb.

Müxalifət və hüquq-müdafiə təşkilatları “dinc nümayiş iştirakçılarına qarşı” ordu qüvvələrinin çıxarıldığını iddia edir.

Bu ilin aprel ayında “məxməri inqilab” adını almış hadisələri nəticəsində Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra 1 mart cinayət işi üzrə fəal istintaq aparılmağa başladı.

Cinayət işi çərçivəsində o vaxtkı müdafiə naziri Mikayel Harutyunyana qarşı ittiham irəli sürülüb və axtarış elan edilib.

Cinayət işi üzrə həmin dövrdə Yerevan hərbi qarnizonuna rəhbərlik edən Yuri Xaçaturov da şahid qismində ifadə verməyə çağırılıb.

Bu gün Yuri Xaçaturov da ifadə vermək üçün Xüsusi İstintaq Xidmətinə baş çəkib, xidmətin rəsmi məlumatında deyilir.

Yuri Xaçaturov hazırda Moskvada yüksək vəzifə tutur – o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibidir.