Rusiyanın daha 6 şirkətinə sanksiya qoyuldu

Avropa İttifaqı Kerç körpüsünün tikintisində iştirak etmiş daha altı 6 Rusiya şirkətini sanksiya siyahısına əlavə edib.

Həmin körpü Rusiyanın cənubunu Ukraynadan ilhaq edilmiş Krım yarımadası ilə birləşdirir.

Avropa İttifaqı səfirlərinin bu ayın əvvəlində qəbul etdiyi qərar iyulun 31-də qurumun Rəsmi Jurnalında dərc edilib.

Aİ indiyədək Rusiya və Ukraynadan 44 qurumun aktivlərini dondurub. Səbəb Moskvanın 2014-cü ilin martında Krımı ilhaq etməsi, Ukraynanın şərqində separatçıları dəstəkləməsidir.

2014-cü ilin aprelindən Ukraynanın şərqindəki münaqişədə 10 min 300-dən çox adam ölüb.

Rusiya və Ukraynadan 155 fərd də Aİ-nin məhdudlaşdırıcı tədbirlərinə məruz qalıb.

Siyahıya təzə salınmış üç şirkət – Mostotest, Stroygazmontazh və filialı Stroygazmontazh Most prezident Vladimir Putinə yaxın biznesmen Arkady Rotenberg-ə məxsusdur.

Rotenberg daha öncə sanksiya siyahısına salınmışdı.

Aİ-nin mövqeyinə görə, Rusiyanın 19 kilometr uzunluqda Kerç körpüsünü tikməsi Ukraynanın ərazi bütövlüyünün pozulmasına töhfə verib.

Körpünün avtomobil və avtobuslar üçün nəzərdə tutulmuş hissəsi mayda açılıb. İki cərgəsi hələ tikilməkdədir. 3,7 milyard dollar dəyərində olan layihəyə 2016-cı ildə start verilib.