Vəkillər Kollegiyası tanınmış vəkilə töhmət verdi

Həbsdə olan ictimai-siyasi fəallardan ReAl Partiyasının sədri İlqar Məmmədovun, bloger Mehman Hüseynovun hüquqlarını müdafiə edən vəkil Fuad Ağayevə töhmət verilib.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iyulun 9-da keçirilən iclasında bu haqda qərar çıxarılıb.

Fuad Ağayevin özünün də iştirak etdiyi iclasda Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun onun cəzalandırılması üçün Vəkillər Kollegiyasına göndərdiyi şikayətə baxılıb.

Fuad Ağayev iclasdan sonra bildirib ki, o, haqqındakı şikayətin əsassız olduğunu konkret dəlillərlə sübut edib. Vəkil təəssüflə qeyd edir ki, onun ortaya qoyduğu dəlillər nəzərə alınmayıb.

Fuad Ağayevin fikrincə, əsassız bir şikayətlə ona töhmət verilməsi vəkillərin daha qorxaq və asılı vəziyyətə salınmasına səbəb ola biləcək qərardır. Vəkil xatırladıb ki, müdafiəçinin cəzaçəkmə müəssisəsinə, istintaq təcridxanasına müvəkkilinin yanına gedərkən apardığı sənədlərin əlindən alınıb baxış keçirilməsi qanunda nəzərdə tutulmayıb. Onun isə işi ilə bağlı ReAl sədrinə apardığı sənədlər baxış adıyla alınıb və sonra qaytarılmayıb. Fuad Ağayevin sözlərinə görə, bunun özü çox ciddi qanun pozuntusudur.

Penitensiar Xidmətin rəisinin şikayətində yazılıb ki, Fuad Ağayev 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi Fikrət Qafarovu təhqir edib, müəssisə əməkdaşlarının fəaliyyətinə təsir göstərib.