37 qaydaları, 37 düşüncəsi, 37 metodları

Cəmil Həsənli

37 qaydaları, 37 düşüncəsi, 37 metodları yaman uzun çəkdi. “Troyka”lar var idi 1937-ci ildə. İndiki anlamda desək “Asan məhkəmə” kimi bir şey idi. Konveyr üsuli ilə adamlara hökm oxunurdu. Hər kvartalın sonunda daha çox “xalq düşməni” aşkarlayan müstəntiqlərə, məhbuslara törətmədiyi “günahını” etiraf etdirən dövlət ittihamçılarına, ölüm hökmü çox çıxaran hakimlərə pul mükafatları, orden medanlar və bir də məhbusları gecələr daha uzun müddətə “stoyka”da saxlamaq üçün qol saatları hədiyyə edirdilər. Bir də bu saatlar məhkəmələri tez qurtarmaq üçün lazım idi. O, zaman çoxları qorxusundan onsuzda proseslərə gəlmirdi. Gələnləri də qeyri-məhdud səlahiyyətlərə malik olan “troykalar” içəri buraxmırdılar. Dünən günün birinci yarısında gənc cəbhəçi Orxan Baxışlının, günün ikinci yarısında Qarabağ qazisi olan Babək Həsənlinin 1937 üslubunda “troykavari” məhkəmələri keçirildi. Mən də getmişdim məhkəməyə, amma proses səhər saat 10-a təyin edilsə də ondan bir xəbər çıxmadı. Günorta məlum oldu ki, Orxanı həbs adı ilə necə oğurlamışdılarsa, elə də gizlin, oğurluq, 37-nin “troyka” qaydalarına uyğun bir məhkəmə keçiriblər. Eyni mənzərə Babək Həsənlinin məhkəməsində də müşahidə edilib. Amma 37-dən fərqli olaraq indiki “troykalar” proseslərə tək yalançı şahidlər gətirmirlər, həm də oturacaq yerlərini tutmaq üçün yalançı tamaşaçılar gətirirlər. Belə deyirlər ki, çoxu qadınlardan ibarət olan bu məhkəmə həvəskarlarını 5 manata proseslərə gətirirlər. Vaxtı ilə bəstəkar Səid Rüstəmovun “Beş manatlıq gəlin” adlı bir komediyası var idi. İndi həmin tamaşa yeni aranjemanda məhkəmə zallarında oynanır. Bu gün Azərbaycan məhkəmələri çox bədiiləşib. Onların çoxu Qəbələ beynəlxalq festvalı kimi bir şeydir. Çünki bütün dünyadan fərqli olaraq bu festvala yalnız ifaçıları deyil, tamaşaçıları da kənardan gətirirlər. Bəli komediyadır, məzhəkədir, işgəncədir Əliyev məhkəmələri. Cəbhəçiləri o qədər cəfəng, gülünc ittihamlarla tuturlar, həbs yerlərində onlara elə amansız işgəncələr verirlər, bədənlərinə elektrik cərəyana verməklə etmədikləri cinayətləri etiraf etdirmək üçün vəhşiliklər törədirlər, huşunu itirənə qədər gecələr “stoyka” saxlayırlar sonda döyülərək şikəst edilmiş bu adamları açıq məhkəmə qarşısına çıxarmağa üzləri olmur. Budur Azərbaycanın gercək hüquq mənzərəsi: Son 15 ildə İlham Əliyevin məhkəmə və hüquq “islahatlarıləri” ədalət ilahəsi olan Femidanı da “Beş manatlıq gəlin”ə .çevirdi.