Ana var ki, el ağlar: Firəngiz adında!

0

Aydın Canıyev

Əgər “Azadlıq” qəzeti çıxsaydı, həbsdə olanda ataları rəhmətə gedən Qənimət Zahid və Mirzə Sakit özlərini dəfnə çatdıranacan yazdığım kimi, nekroloq yazardım qürbətdə olan Emin Hüseynov və həbsdən buraxılmayan Mehman Hüseynovun vəfat etmiş anaları Firəngiz xanım üçün:

Kişilərin hakimiyyəti!

və yaxud hakimiyyətin kişiliyi, kişiliyin hakimiyyəti

Azərbaycan hakimiyyətinin başında kişilər durur! Penitensiar xidmətin, daha doğrusu, ədliyyə nazirliyinin də başında! Məhz başında – hakimiyyətin başında, ədalətin başında!
Kişilik düşməni tapdamaqdır!
Kişilik (türməyə , eləcə də başqa yerə və yerlərə) basdığını kəsməkdir – yalan sözdü (türməyə və eləcə də başqa yerə və yerlərə) basdığını kəsməməkdir!
Biz sivilizasiyanın elə inkişaf mərhələsinə çatmışıq ki, hakimiyyətin KİŞİLİYİ çatır ki, nəinki bizim – hakimi olduğu xalqın, hətta özünü qorumaq üçün xərac verdiyi dünyanın hakimlərinin gözünün içinə qıpqırmızı yalan desin, dolasın, başına fırlatsın… hədiyyələrinin, sürprizlərinin!
Amma və lakin ilk növbədə ayırd etmək lazımdı ki, başında duranlar kimi düşmən sayır, hakimiyyətin düşməni kimdir, xalqın düşməni kimdir?
Başında duranlar üçün düşmən (belə məlum olur ki) Azərbaycan xalqıdır!
Hakimiyyətin düşməni Rusiya və Qərbdir, bir də İran və ən böyüyü… korrupsiyadır!
Fəqət nə hakimiyyətin, nə də ədalətin başında duranların bu düşmənlərə gücü çatası deyil – o boyda həbsxanalarımı var?! Onların gücü qul gözündə gördükləri işçi qüvvəsinədir! Onlar üçün xalq anlayışı yoxdur. Onlara etiraz edən azərbaycanlı həbsdə olmalıdır! Onlarda hardandı güc ki, rusu, ingilisi, farsı, ermənini həbsə alsın!
Rusa, ingilisə, farsa, erməniyə sərvət, azərbaycanlıya həbs!
Hakimiyyətin kişiliyi budu!
Kişilik sözü ancaq pozitiv anlam yaradır, yəni təqdir olunası fakt sayılır.
Bizdə hər şeyi kişilikdən – urvatdan salıblar, o çümlədən kişiliyi də.
Hakimiyyətin kişiliyi budu!
Elə buna görə də kişiliyin hakimiyyəti… həbsdədi!
Atalar, analar ölür, oğullar dəfnə belə gecikir.
Bəli, cənab möhtərəm prezident İlham Əliyev düz deyir: yoxdu dünyada ikinci bir ölkə öz vətəndaşlarına onun hakimiyyətinin göstərdiyi qayğını göstərsin!
O ayrı söhbətdi ki, “qayğı” sözü bu hakimiyyət üçün hansı mənanı ehtiva edir!
Hansı hakimiyyət öz asisinə icazə verər ki, ölüm anında olan anasının yanında olsun, onun əzab çəkməsini görsün, ürəyi xarab olsun, anası qucağında ölsün!? Bu qəddarlığı Azərbaycan hakimiyyəti öz kişiliyinə sığışdırmır və biz təşəkkür etməliyik!
Özü də İlham Əliyev dünya təcrübəsindən dəqiq bilir ki, adamın atası, anası öləndə yanında olmamaq necə xoşbəxtlikdir!
Yaşasın İlham Əliyev və hakimiyyəti! Ki… Mehman Hüseynovu bu əzabdan, bu zülmdən xilas etdiyi üçün!
Firəngiz anaya – bir azərbaycanlı qadınına göstərdiyi diqqət və qayğıya görə biz cənab Prezidentə – hakimiyyətin başında durana, cənab Fikrət Məmmədova – ədalətin başında durana təşəkkürümüzü xəbərdarlıqlı teleqramlarla çatdırmağa borcluyuq!
Sloqanımız isə bu olmalıdı: öldürün bizi analarımızdan-atalarımızdan ayrı! dünyada daha bir analoqsuzluğa imza atın!
Bəxtiyar Hidayət sayağı deyək: “daha anamızı ağlatmayın, anamızı öldürün, biz ağlayaq”.
p.s. mən Azərbaycan dilindəki sözlərin anlamını yaxşı bilmədiyimdən, oxuyan hər kəsə icazə verirəm ki, mətndə gərəkdiyi halda müvafiq sözləri dırnağa alsın!