Azərbaycan KTMT-yə üzv ola bilər

Azər Qasımlı

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT (ODKB)) iştirak ehtimalı ilə bağlı

Azərbaycan 1993-cü ildə Kollektiv Təhlükəsizlik Sazişinə qoşuldu (saziş 1994-də qüvvəyə minib!), 1999-da isə bu sazişdən çıxdı. Bu 5 il ərzində ölkəmizin həyatında müsbətə doğru heç nə dəyişmədi. Qarabağın bir kəndi də bizə qayıtmayıb! Bundan sonra Azərbaycan öz xarici siyasət vektorunu dəyişməli olub, Qərbyönümlü GUAM – Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatında (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) iştiraka daha çox önəm verib, Avropa Şurasının üzvü olub. Daha sonra Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrina qəbul edilib. Hər iki sənəddə Azərbaycanın Avropa institutlarına inteqrasiya və NATO ilə dərin əməkdaşlığı öz əksini tapıb. Hər iki sənəd kağız parçası olaraq və nəzəri baxımdan hələ də qüvvədədir. Bir sözlə KTMT-yə üzvlük ölkəmizin əsas sənədlərinə ziddir və vaxtilə belə bir səmərəsiz təcrübəmizin olduğuna görə səmərəsizdir. Çünki KTMT daxilində Qarabağ münaqişəsinin bizim xeyrimizə həll olunması ehtimalı yoxdur. Çünki bu çərçivədə “həllin” bədəli müstəqillikdir!

Hakim elitanın seçimi

Gələk əsas məsələyə – müstəqillik məsələsinə. Ölkənin müstəqil olması sadəcə dövlətin suveren olması anlamına gəlmir. Bu həm də hakim elita üçün sərbəstlik deməkdir. Əliyev hakimiyyətinin xarici siyasətinin əsas konsepsiyası – dünya gücləri arasında balans saxlamaq üzərində qurulub. Məsələn Rusiya ilə əməkdaşlıq edilir, lakin bu ölkənin əsas siyasi, iqtisadi və hərbi projelərində iştirak edilmir. Və ya Qərblə əməkdaşlıq edilir, lakin AB ilə Assosiativ Saziş imzalanmır, NATO dərin əməkdaşlığa və ya üzvlüyünə can atılmır. Bu gün gördüyümüz də ondan ibarətdir ki, hər iki tərəf (Qərb və Rusiya) Azərbaycanın mövcut statusunda konsensusa gəliblər. Məhz buna görə Qərb bizdə antidemokratik vəziyyətə dözümlüdür, Rusiyanın isə, hər şeyi olduğu kimi desək, insan haqları ümumiyyətlə vecinə deyil. Bir sözlə bu günə kimi Əliyev hakimiyyəti üçün bu status yalnız dividentlər gətirib və indiki mərhələdə balans siyasətini dəyişmək işinə gəlmir. KTMT-yə üzv olmaq isə tərəf tutmaq anlamına gələcək!

Azərbaycan nə vaxtsa KTMT-yə üzv ola bilərmi?

İndiki mərhələdə olmasa da, gələcəkdə Azərbaycan KTMT-yə üzv ola bilər. Hakim elita yalnız bir halda üzv olmağa hazır olacaq: iqtisadi (maliyyə) resursları tükəndiyi zaman! Çünki bu baş verdikdə daxildə sosial və siyasi tələblər artacaq və hakimiyyətin əldən getməsi ehtimalı yaranacaq. Hakimiyyəti əldə saxlamaq üçün isə sərt tədbirlərə əl atmaq və belə olan təqdirdə xarici siyasət konsepsiyasında dəyişiklik etmək məcburiyyəti yaranacaq. Yuxarıda dediyim kimi Rusiya üçün demokratiya və insan haqları mövzusu yoxdur və Azərbaycanı hərbi-siyasi layihələrində görməyə hər zaman hazır olacaq. Təbii ki, o vaxta Rusiyanın özündə dəyişikliklər olmasa.

Nəticə

Bu mövzuda hakimiyyət nümayəndələrinin provokativ çıxışları və müsahibələri sizi çaşdırmasın. İndiki mərhələdə KTMT-yə üzv olmaq hakim elitaya sərf etmir!