Bu gün vicdan məhbusu Qiyas İbrahimovun doğum günüdür

“Həqiqət isə mənim dediyim kimidir, onların yazdığı kimi yox. Məni şərləyib, haqqımda hökm çıxarıblar. Onlar istəyirdilər ki, mən özüm də özümü şərləyim. Mən Heydər Əliyevin heykəlinə şüar yazdığıma görə həbs olunmuşam”.

Bu gün “Heykəl məhbusu” Qiyas İbrahimovun doğum günüdür. N!DA-çı vicdan məhbusunun 24 yaşı tamam olur və bu onun məhbəsdə qarşıladığı 3-cü doğum günüdür. Qiyas İbrahim 1994-cü ildə Bakı şəhərində anadan olub.

Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı ilin mayın 10-da saxlanıblar. Onlar qanunsuz narkotik maddə dövriyyəsində təqsirli bilinərək, 10 il müddəyinə azadlıqdan məhrum ediliblər. Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər, onlar keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazdıqlarına görə həbs olunublar.

«Amnesty International» təşkilatı Q.İbrahim və B.Məmmədovu «vicdan məhbusu» elan edib. Təşkilatın fikrincə, gənclərə narkotik ittihamı saxtalaşdırılıb.

Məhkəmədə Qiyas İbrahimin son sözləri bu cür olub: “Mənə verilmiş ittiham üzrə özümü müdafiə etmək fikrim yoxdur. Vicdanı olan hər kəs yaxşı bilir ki, həbsimin əsl səbəbi mənim bu ölkədəki dərəbəyliyə, sistemə sivil şəkildə, gənc tələbə olaraq etiraz etməyimdir. Heç bir yazılı qanunu pozmamışam. Sistem yazılmamış qanunları ilə köləliyi azadlıq kimi göstərməyə çalışır. Sistemin yazılmamış qanunlarını pozanda cəzasız qalmaq mümkün deyil. Yazılmış qanunları pozanda isə cəzasız qala bilərsən. Yazılmamış qanunları pozanda adamları şərləyirlər. Heykələ şüar yazaraq sistemin ədalətsizliyinə etiraz etməyim həyatda olmayan birinin ruhunun təhqir olunması kimi qiymətləndirilir, “öz babanın qəbrinə yazardın”, – deyirlər. Təcridxana rəisi deyir ki, bu hərəkətinə görə xalq səni linç edə bilər. Heç özü buna inanırmı? Alçaqlığın hansısa pilləsində yer tutmuş polis rəisi bizə yer süpürtdürür. Ancaq bu məxluq qanmır ki, biz bununla alçalmırıq. Biz həbsxanaya girməyi gözə alanlarıq. Biz onda alçalırıq ki, oturduğu kresloda kök salanlar, “şah mənəm” deyənlər, Mirqafarlar səngərdə şəhid olan əsgər analarını sürüyür“.

Qiyasın anası Şura Əmiraslanova : “Olsun 10 il! Qiyas gəncdir. Qiyas üçün 10 il heç nədir. Mənim oğlumdan 10 il çaldı İlham Əliyev öz oğlunun vəzifədə oturması üçün. Qiyas kimi oğullar çoxdur Azərbaycanda. Qiyasın gələcəkdə adı qalacaq, özü qalmasa da. Mənim də ömrümə az qalıb. Bizi məhv etmək istəyirsə, edə bilməyəcək. Qiyas kimi çox gənclər var Qiyasın arxasında. İlham Əliyev, onlardan qorx, Qiyasdan qorxma artıq. Çünki Qiyas sənin əlindədir, artıq sözüm yoxdur“.

Həmçinin Apellyasiya Məhkəməsi zamanı Qiyas İbrahim və atası Həsən İbrahimov məhkəmənin ədalətsiz qərarı qüvvədə saxlamasına etiraz etdikləri üçün Bakı Apellyasiya Məhkəməsinin hakimləri ( Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramov) Qiyas və atasından Yasamal rayon Məhkəməsinə şikayət veriblər.

Dekabrın 15-də Yasamal rayon məhkəməsi Qiyas İbrahimin cəzasını daha altı ay artırıb, atası Həsən İbrahimov isə aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib.