Gəncə hadisələri ilə bağlı ittiham olunan daha bir nəfər saxlanılıb

Avqustun 1-də Gəncə sakini İsmayıl İsmayılov (1994-cü ildə anadan olub) bu il iyulun əvvəlində Gəncədə baş vermiş iğtişaşların fəal iştirakçısı kimi saxlanılıb. O, “Şıxlı” buraxılış məntəqəsindən Gürcüstan tərəfə keçərkən saxlanılıb. Bu barədə bazar ertəsi Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bundan öncə Gəncə iğtişaşlarına bağlılıqda şübhəli bilinən 61 nəfər saxlanılıb. Xüsusi xidmətin əməliyyatı zamanı 4 nəfər həlak olub, 13 nəfərin barəsində axtarış elan edilib.

Xatırladaq ki, iyulun 3-də Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd olub. Hadisəni törədən Yunis Səfərov E.Vəliyevi və onun cangüdənini yaralayıb.

İyulun 10-da Gəncə sakinləri etiraz aksiyası keçirərək E.Vəliyevin idarəçiliyindən narazılıqlarını bildiriblər, onun vəzifədən kənarlaşdırılmasını tələb ediblər. Polislə qarşıdurma zamanı etirazçılar iki polis zabitini öldürüblər.