İranda vəziyyət kritik həddə çatıb

Avropa Birliyinin ABŞ-ın sanksiyalarına tabe olmamasına baxmayaraq, Avropanın iri şirkətləri İrandan çıxmağa davam edir.

Bu gün “British Airways” və “Air France” İrana uçuşları dayandırdıqlarını elan etdilər. Ötən həftə isə Almaniyanın ən böyük telekommunikasiya qurumu “Deutsche Telekom” və “Deutsche Bahn” dəmir yolu şirkəti İranı tərk etdiklərini açıqlamışdılar. Səbəb eynidir: ABŞ-da biznes aparmaq hüququndan və ABŞ bank sistemi ilə əlaqələrdən məhrum olmamaq.

Böhranın dərinləşdiyi İranda islahatçı qanadın sistem dəyişikliyi tələbləri daha gur səslənməyə başlayıb. Prezident Ruhani bildirib ki, generalların siyasi şüarlarla çıxış etməsi ölkə üçün pis nəticələnə bilər və ordu xalqın seçdiyi şəxsə (yəni prezidentə) tabe olmalıdır. Hazırkı sistemdə isə silahlı qüvvələr ali dini liderə tabedir. Sabiq prezident Hatəmi də sistemdə islahatların zəruri olduğunu, əks halda, İranın itirəcəyini bəyan edib.

Qumda isə tələbələr “Ruhaniyə ölüm” şüarı ilə aksiya keçiriblər. Hökumət bu məsələdə İslam İnqilabı Keşikçiləri Korpusundan şübhələnsə də, bu qurum aksiya ilə əlaqəsini inkar edib.

İranda sistemin qoruyucuları ilə reformasiya tərəfdarları arasında daxili mübarizənin getdikcə kəskinləşəcəyi şübhə doğurmur. Bunu ali rəhbərin “ölkədəki vəziyyətə görə xarici qüvvələr yox, hökumət məsuliyyət daşıyır” sözləri də göstərir.

Şahin Cəfərli