Rasim Əliyev anıldı

0
Rasim Əliyev

Mərhum jurnalist Rasim Əliyev bu gün, avqustun 9-da ölümünün 3-cü ildönümündə anılıb. Bir qrup jurnalist, vətəndaş cəmiyyəti nümayəndəsi və R.Əliyevin ailə üzvləri onun məzarı başına toplaşıblar.

Anım mərasimi zamanı çıxışlarda, əsasən, media və jurnalistlərə təhdidlərdən bəhs edilib. «Turan» Agentliyinin direktoru Mehman Əliyev basqı mühitinin davam etdiyini deyib.

«Rasim Əliyevi 3 il öncə itirmişik. Bu itkilər indi də davam edir. Bu itkilər mübarizə itkisidir. Biz görürük, sistem cəmiyyətin üzərinə gəlir və mübariz insanlara qarşı güc tətbiq edir. Amma, mübarizlər əzilmir…», – o vurğulayıb.

Digər çıxış edənlər R.Əliyevin ölümünə ədalətli hüquqi qiymət verilmədiyini qeyd ediblər.

«Jurnalistin ölümü ilə bağlı müəmmalar qalmaqdadır. Bu müəmmalar nə vaxtsa açılacaq. Ölkədə azad cəmiyyət qurulduqdan sonra azad məhkəmə Rasimin ölümü ilə bağlı ədalətli hüquqi qiymət verəcək», – hüquq müdafiəçisi Samir Kazımlı bildirib.

Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov isə insan hüquqları ilə bağlı acınacaqlı durumun yaranmasından bəhs edib.

«Əvvəlcə jurnalistləri, QHT təmsilçilərini, sonra vəkilləri təhdid etdilər. İndi bir kəlmə danışanın cibinə külli miqdarda narkotik qoyurlar. İndi mən özüm də danışmağa qorxuram, evdən çıxmağa, kimisə tənqid etməyə qorxuram. Ümumi vəziyyət belədir», – o bildirib.

R.Əliyevin anım mərasimində səslənən fikirlərə rəsmilərdən münasibət almaq mümkün olmayıb. Ancaq ölkə rəsmiləri, bir qayda olaraq, jurnalist və kütləvi informasiya vasitələrinə (KİV) basqılarla bağlı deyilən fikirlərlə razılaşmırlar. Onlar deyirlər ki, həbs edilən jurnalist və bloqqerlər yaradıcı fəaliyyətləri ilə bağlı yox, törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Hələ 2016-ci il sentyabrın 20-da prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən bunları deyib: «Təəssüf ki, idman xəbərlərindən yazan jurnalist Rasim Əliyev faciə nəticəsində dünyasını dəyişib. O, bəzi hərəkətlərinə görə tənqid etdiyi bir futbolçunun qohumları və fanatları tərəfindən döyülüb. Onlar onu döyüblər və bu bədbəxt hadisə olub. Bunun bizimlə heç bir əlaqəsi yoxdur…».

Xatırlatma

2015-ci il avqustun 8-də bir qrup şəxsin döydüyü jurnalist R.Əliyev ertəsi gün müalicə aldığı xəstəxanada vəfat edib. O, Facebook səhifəsində «Qəbələ» futbol klubunun kapitanı Cavid Hüseynov haqda tənqidi fikir yazdıqdan sonra futbolçunun qohumu və bəzi gənclərin fiziki zorakılığı ilə üzləşmişdi.

Jurnalistin ölüm işi üzrə 6 nəfərin adı keçib. Onlardan 5 nəfəri R.Əliyevin döyülməsində günahkar bilinərək uzunmüddətli həbs cəzasına məhkum edilib.

C.Hüseynovun işi isə ayrıca icraata götürülərək Səbail Rayon Məhkəməsində baxılıb. Həmin il mayın 31-də Səbail Rayon Məhkəməsi C.Hüseynovu Cinayət Məcəlləsinin 307.1. (hazırlanmaqda olan cinayət barədə məlumat verməmək) və 307.2. (cinayətin gizlədilməsi) maddələri ilə ittiham edərək 4 il azadlıqdan məhrum edib.

2016-cı il oktyabrın 12-də isə Bakı Apellyasiya Məhkəməsi C.Hüseynovu həbsdən azadlığa buraxıb. O yaşıl meydanlara dönüb və az sonra futbol üzrə ölkə yığmasına da dəvət alıb.