Seymur Həzinin həbsindən dörd il ötdü

Avqustun 29-da 5 il azadlıqdan məhrum olunan jurnalist Seymur Həzinin həbsinin 4 ili tamam olur.

Atası Məşgül Həziyev Meydan TV-yə ötən 4 ilin necə keçdiyini xatırlamadığını deyib:

“Bir ili qalıb. Özü də narahat deyil, mən də hiss etməmişəm. Əlbəttə həbsxana həyatıdır, amma elə bir narahatlığını sezməmişəm. Nə vaxt getmişəm, şad görmüşəm. Çətinliyi olubsa da, xoş təbəssüm göstərib”.

Məşgül Həziyev ötən həftə Seymurla görüşdüyünü bildirib.

Jurnalistin həyat yoldaşı Nigar Həzi sualımızı “bir ailə üçün həyat yoldaşının həbsxanada olması necə ola bilər, əlbəttə yaxşı deyil” deyə qarşıladı:

“Özü də diskamfortdur, o “dəmirbarmaqlıqlar” arxasında, mən azadlıqda, heç kim bu şəraiti istəməz. Amma mübarizə aparan insanlar üçün bunlar dözülən olduğundan problem etmirik”.

Nigar Həzi bildirib ki, həbsxana xatirələri onların ailəsi üçün adiləşib:

“Atam Tofiq Yaqublu həbsdən çıxanda Seymur yeni həbs olunmuşdu, ondan əvvəl mən həbsxana həyatını yaşadım. İndi də mütəmadi sovqat aparıram, hər həftə görüşə gedirəm atamla olduğu kimi. Əlbəttə, heç kim evlilik müddətinin həbsxanada keçdiyini istəməzdi. Çünki ötən iki il həyatımızdan oğurlanıb. Məsələ ondadır ki, mübarizə aparan adamlar başına nələr gələcəyini bilirsə, onun gileylənməyə mənəvi haqqı yoxdur. Həm də vaxtı az qalıb, 1 ildən sonra azad ediləcək, 5 ilin yanında dəhşətli vaxt deyil. Adam istərdi ki, siyasi vəziyyət dəyişər, Seymur da başqa siyasi məhbuslar kimi azadlığa çıxar. Amma indiki gedişat fərqli mənzərəni göstərir ki, o, bir ilin sonuna qədər həbsdə olacaq”.

Nigar Həzi həyat yoldaşının problemlərdən şikayətlənən olmadığını söyləyib:

“O, düşdüyü şəraitə artıq uyğunlaşıb. Düzdür, həbsxana şəraiti lüks deyil, ordakı durum, hansı tip insanlarla bir yerdə qalmadığını təsəvvür etmək çətin deyil. Amma bunlardan heç vaxt şikayətlınmir, rahatdır, çünki getdiyi yolun məşəqqətlərini bilir. Əksinə, bizə daha çox dəstək olur və həbsxanaya getdiyimizi də hiss etmirik”.

S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək, “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

“Amnesty International” təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.