Siyasi məhbus Kürdəxanı təcridxanasını məhkəməyə verib

AXCP Gənclər Komitəsi Məclisinin həbsdə olan sədri Ruslan Nəsirlinin vəkili onun saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasını məhkəməyə verib. Bu haqda AzadlıqRadiosuna R.Nəsirlinin ailə üzvləri məlumat verərək bildirib ki, iddia ərizəsi avqustun 9-da ərazi üzrə Sabunçu Rayon Məhkəməsinə (təcridxana Kürdəxanı qəsəbəsində yerləşir) təqdim olunub. Səbəb isə R.Nəsirlinin həbsdə olduğu üç aya yaxın müddətdə onun ailə üzvləriylə telefon danışıqlarına və görüşlərinə qadağa qoyulmasıdır.

Yaxınları deyir ki, Ruslan mayın 25-də tutulandan bu yana onunla nə danışa biliblər, nə də görüşə.

Vəkil vasitəsilə istintaq təcridxanasının rəhbərliyinə müraciət olunsa da, cavabında deyilib ki, qadağa istintaq orqanı tərəfindən tətbiq olunub. İstintaqı aparan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsindən isə bildirilib ki, onlar heç bir məhdudiyyət tətbiq etməyiblər. Vəkil bu idarəyə problemlə əlaqədar rəsmi məktub da göndərib. Məktuba ümumi cavab verilib, yazılıb ki, «müraciət iş materiallarına əlavə olunur».

«Üç aydır Ruslan Nəsirlinin telefon danışığı və yaxınları ilə görüşmək hüququ tapdalanır. Heç bir rəsmi səbəb də göstərilmir. Ona görə də məhkəməyə vermişik ki, bəlkə bundan sonra qadağanı hansı orqanın tətbiq etdiyini öyrənək. Günahsız adamı həbs etməkləri azmış kimi, hələ təcridxanada da adi hüquqları pozulur», – R.Nəsirlinin ailə üzvləri belə deyir.

Təcridxananın məhkəməyə verilməsi xəbərini R.Nəsirlinin vəkili Fariz Namazlı da AzadlıqRadiosuna təsdiqləyib.