Siyasi məhbusun cəzası 5 ildən 4 il 6 aya endirildi

Bu gün Şirvan şəhər Apellyasiya Məhkəməsində şərlənərək həbs edilmiş Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədri, siyasi məhbus Əlikram Xurşidovun növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə Ə.Xurşidovun cəzasını 5 ildən, 4 il 6 aya endirib.
Xatırladaq ki, 2017-ci il, noyabrın 22-də polis tərəfindən saxlanılan Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədri, Məclis üzvü Əlikram Xurşidov 2 sutkaya yaxın qanunsuz olaraq polis şöbəsində saxlandıqdan sonra, ona qarşı cinayət işi qaldırılıb. Noyabrın 24-də isə Şirvan Rayon Məhkəməsi Əlikram Xurşidovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Polis şöbəsində ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 maddələri ilə (xuliqanlıq) ittiham elan olunub.
4 may 2018-ci il tarixində Şirvan şəhər Məhkəməsi heç bir əsas olmadan Əlikram Xurşudov 5 il müddətinə azadlıqdan mərhum edib.