Əkrəm Əylisli: “Belə bir qadağa ölümümü yaxınlaşdırıb”

Yazıçı Əkrəm Əylisli haqqındakı cinayət işinə xitam verilməsi məqsədilə baş prokurora müraciət edib.

O, yaşının, səhhətinin və cinayətin olmadığının nəzərə alınmasını istəyir.

Bu qadağalar ucbatından 81 yaşlı yazıçı nə ölkədən kənara çıxa bilir, nə də dediyinə görə, ölkə içində hərəkət edir.

Onun AzadlıqRadiosuna müsahibəsini təqdim edirik:

– Belə bir qadağanın tətbiqi hər şeydən əvvəl səhhətimi ciddi təhlükə qarşısında qoyur. Daha açıq desəm, ölümü yaxınlaşdırıb. Bəlkə 50 ildən çoxdur ki, mən yayı Əylisdə keçirmişəm, indi yayın cəhənnəm istilərini Bakıda keçirməyə məhkum edilmişəm. Şəxsiyyət vəsiqəsi olmadan hara getmək olar?

– Şəxsiyyət vəsiqəniz özünüzdə deyil?

– Prokurorluq orqanlarındadır. Onsuz da, heç klinikaya müraciət etmək mümkün deyil, qaldı Naxçıvana gedəsən. Buna işgəncədən savayı nə ad vermək olar? Mən siyasət adamı deyiləm. Hələ hər hansı ölkədə xaricdə siyasi tədbirə dəvət almamışam. Ancaq məni xarici ölkələrdə keçirilən ədəbiyyat tədbirlərinə dəvət edirlər. Buraxmırlar buraxmasınlar, söhbət bunda deyil. Söhbət ondadır ki, mənim belə tədbirlərdən kənarda qalmağım kimə lazımdır və bunun Azərbaycana vurduğu xeyir nədən ibarətdir? Hələ cavan yaşlarımdan sovet yazıçılarının tərkibində ölkədən kənarda onlarca tədbirdə iştirak etmişəm. Bütün bu tədbirlərdə xalqımın həmişə ləyaqətli təmsilçisi olmuşam. Bütün yazdıqlarımda xalqımın dərdini demişəm. Mən xalqımın əleyhinə ola bilmərəm. Mən xalqın özüyəm. Xalqın içindən çıxmış adamam, onun ağrısından, əzabından doğulmuşam. Xalqımın, millətimin qarşısında öz yazıçı borcumu məsuliyyətlə yerinə yetirmişəm. İndi Zakir Qaralova yazdığım məktubun əsas məğzi bundan ibarətdir ki, ömrümdən az qalıb, mənə imkan verin, heç olmasa, öz xəstəliklərimlə normal mübarizə aparım. Əks təqdirdə, təmsil etdiyiniz hakimiyyətin cinayətkar olduğuna öz əlinizlə imza atmış olarsınız. «Azərbaycanda heç kim fərqli baxışa görə tənqid olunmur, heç kim cəzalandırılmır». Bu sözləri prezident İlham Əliyev Almaniya kansleri Angela Merkellə keçirdiyi mətbuat konfransında deyib. Prezidentin bu sözlərinə inanmağa xalqının gələcəyini düşünən hər kəsin sonsuz ehtiyacı var.

– Əkrəm müəllim, baş prokurorun müsbət cavabına ümid edirsinizmi?

– Ümid etməsəydim, ona yazmazdım. Xasiyyətimdir, həyatım boyu ümid etmişəm, müsbət düşünmüşəm. Amma mənə olan nifrətin, şər kampaniyalarının kökündə həmişə kompromis adamı olmamağım durur. Dünyada kompromissiz yaşamağa çalışanların aqibəti belə olur. «Satılıb almaq» söhbəti var. Məsələn, çoxları mənə deyir ki, hökumət sənə bu qədər təltiflər verib, filan verib, amma bir kəs də fikirləşmir ki, bunları almaq üçün zərrə qədər cəhd göstərməmişəm, manevr edib almamışam.

– Amma hökumət verdiklərini bir gündə də geri aldı. Buna təəssüflənirsiniz?

– Mənim ordenlərimi geri almaq üçün heç bir hüquqi baza yoxdur. Bu alınmayıb, alına da bilməz. Mən əməkdar incəsənət xadimi olaraq qalıram. Prezidentin fərmanında göstərilib ki, prezident təqaüdündən, xalq yazıçısı adından məhrum edilsin. Bunlara hüquqi baza olaraq guya xalqın qəzəbi, insanların bunu tələb etməsi – mən buna inanmıram, kimsə gedib Prezident Aparatının qabağını kəsdirib ki, niyə Əkrəm Əylislinin prezident təqaüdünü əlindən almırsız? – əsas götürülüb. Belə alınıb. Qaldı ki, «İstiqlal ordeni» də, «Şöhrət ordeni» də məndədir, öz zəhmətimlə alımışam. Hətta Heydər Əliyevin mənə rəğbətlə yazdığı məktub da durur. Hər yerdə «ümummilli lider» deyirlər, amma hələ bir yerdə yazmayıblar ki, Heydər Əliyev niyə, nəyə görə Əkrəm Əylisliyə böyük rəğbət bəsləyirdi? Bilirəm ki, əsərlərimi oxuyurdu, mənim dönməzliyimi həmişə misal gətirirdi. Mən «Azərbaycan» jurnalında işləyəndə demişdi ki, gedin prinsipial olmağı o balacaboy Əkrəm Əylislidən öyrənin.

– Siz prezidentə niyə müraciət etmədiniz?

– Mən ona müraciət etmişdim. Yazmışdım ki, «məni şərlədilər, həbs etmək istədilər və ümid edirdim ki, prezident olaraq siz buna qarışacaq, belə bir biabırçılığın olmasına imkan verməyəcəksiniz». Onu da yazmışdım ki, Azərbaycanda yaşamağıma nəinki işıq ucu var, hətta o işığı yerli-dibli kəsirlər. Bunu hətta dünya mətbuatı, İtaliyanın, Britaniyanın aparıcı mətbuatı çap etmişdi. İtaliya mətbuatı bunu «tarixi məktub» adlandırmışdı.

– 80 yaşlı insanın polisə hücumu o vaxt da, indi də inandırıcı görünmədi və Siz də bunu təkzib edirsiniz. O zaman bu cinayət işi niyə açıldı?

– Yəqin ki, son romanlarımla bağlıdır. Yəqin əvvəldən də bazası varmış. Yəni müəyyən hərəkətlərim, görünür, kimlərinsə xoşuna gəlməyib. Mən parlamentdə olanda gördüm ki, buradakıların çoxu xalqın mənafeyindən, varlığından çox uzaqdadır. Bunu mətbuatda hərdən hiss etdirirdim. Tənqidi fikrilərimi demişəm, onunla da bağlıdır. Axı, mənim əvvəlki əsərlərim də kəskin mübahisələrə səbəb olmuşdu, mənim əsərlərim Moskvada çıxmamış Bakıda çap edilməmişdi… Bütün bunlar elə bil unudulub. Mən əvvəldən nəyəmsə oyam. Yazıçı olaraq xalqımı bir zərrə alçaltmamışam. Bunların hamısı ideologiyanın başıpozuq olmasından irəli gəlir. Və qeyri-səmimi olmalarından irəli gəlir.

– Rəsmi qurumlar Sizə cavab verməsələr, bunu necə dəyərləndirəcəksiniz?

– Cavab verməsələr, bu ona dəlalət edəcək ki, bunlar məni asudə buraxmaq, xəstəliklərimlə bu yaşda normal mübarizə aparmaq imkanlarından məhrum etməyi planlaşdırıblar. Yəni məni təkcə ədəbiyyatdan silmək istəmirlər. Axı, kitablarımı yandırıblar, cırıblar. Bir faktı deyim, Gəncədə kitablarımı yandıranda baxıblar ki, azdır, alov yüksəyə qalxmır, gediblər Tolstoyun, Hüqonun qalın cildlərini tonqala atıblar. Bax, bu nə deməkdir? İnsanın ağlı başından çıxır belə şeyləri eşidəndə. Çox ağırdır.

– Məhkəməyə müraciət etmək, sonra da Avropa İnsan Haqları Məhkəməsinə üz tutmaq perspektivi haqda nə düşünürsüz?

– Mənim indiyə kimi kənara şikayət etməkdən xoşum gəlməyib. Heç vaxt xaricdə Azərbaycan əleyhinə danışmamışam. Şəxsiyyətim imkan verməyib. Milli qürurum imkan vermir ki, öz ölkəmdə apara bilmədiyim mübarizəni kənarda aparım. Bəlkə, çatışmayan cəhətdir. Amma bu baxımdan həqiqətən patriotam. Gedib necə deyim, «ay Avropa Məhkəməsi, bizimkilər ədalətsizidir». Bir şey də həll olunmur, axı, İlqar Məmmədovu neçə ildən sonra buraxdılar. Avropanın da sözü eşidilmir… Mən o qürurumu itirmək istəmirəm.

– Əkrəm müəllim, bu gün Sizin ölkədən çıxışınıza yasaq qoyulub. Bu durumda yaradıcı insan olaraq özünüzü necə hiss edirsiniz?

– Əl-qolum bağlansa da, ürəkdən keçib Allaha gedən işıq yolu var. O yolu bağlamaq mümkün deyil. O işıq içimdədir, məni yaşadır hələ də. Mənim durumumdan qat-qat pis vəziyyətdə olan yazıçılar əsərlər yazıblar. Böyük əsərlər sıxıntılardan yaranır.

– Yaradıcı, azad adam üçün bu nə qədər çətin olsa da, ömrünü öz ölkəsində və ya kənarda sürgündə başa vuran, min bir məhrumiyyətlərlə üzləşən yazıçılar da olub. Bu durumda özünüzü kiminlə müqayisə edirsiz?

– Ədalətsiz şəkildə ittiham olunanların hər biri ilə özümü müqayisə etməyə mənəvi haqqım var. Tutalım, Pasternakın başına gələn müsibət böyük əxlaqsızlıqdır. Soljenitsının başına gələn müsibətləri özümə aid edə bilmərəm, onun ətrafında sonradan çox böyük xarici qüvvə dayanmışdı. Ona heç nə edə bilmədilər, sadəcə, ölkədən çıxardılar. Dünya ədəbiyyatında onlarla yazıçı var ki, fikri başqalarınınkı ilə üst-üstə düşmədiyindən əzablara düçar olublar. Özümü onlarla müqayisə etməyə hazıram. Mənim əsərimdə din haqda bir kəlmə olmadığı halda məni din əleyhinə çıxmaqda ittiham etdilər. Salman Rüşdinin də başına bu işi gətirdilər. O, fəlsəfi əsər yazmışdı: «Şeytan ayələri». Çətin ağlım kəsə o əsəri oxuyub başa düşən olaydı, çətin dildə yazılıb. Ancaq mən din əleyhinə mübarizə aparmamışam, cəhalətlə mübarizə aparmışam.