Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu istəyir

Qubad İbadoğlu

Bundan sonra gürcülər Avropaya, biz də Çinə “viza”sız gedəcəyik

Azərbaycan prezidenti son 3 ayda Rusiya prezidenti ilə üç dəfə görüşüb, bu ayın 25-də nəzərdə tutulan görüş dördüncü olacaq. Rusiya ilə təmasların sıxlaşması ilə yanaşı Türkiyə prezidenti ilə də intensiv görüşlər davam edir. Bununla yanaşı bu günlərdə Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində xarici işlər naziri Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşərək, Azərbaycanın statusunun Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşlığından müşahidəçi səviyyəsinə qaldırılmasını təklif edib. Bundan başqa Azərbaycan Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusunu müəyyən edən dövləti və milli maraqlara cavab verməyən sənədi imzalayıb. Görünür ki, Putinin Bakıya gəlişi zamanı Azərbaycanı Avrasiya və Gömrük İttifaqına daxil olmağa dəvət edəcək. Çünki, sentyabrın 1-də Soçidə Azərbaycanla Rusiya arasında 17 sənəd imzalanıb, Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı qəbul edilib, Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat verilib. Təəssüflər olsun, 17 gün ötməsinə baxmayaraq bu sənədlərin heç biri dərc olunmayıb. Amma bəlli olan budur ki, Rusiya Azərbaycanın iqtisadi ekspansiyasına can atır. Azərbaycanı Avrasiya və Gömrük İttifaqına cəlb etmə bu məqsədə çatmaq üçün Rusiyanın maraq dairəsindədir.
Heç şübhəsiz ki, regionda formalaşan anti-qərb koalisiyasının xarici siyasətə və iqtisadiyyata ciddi təsirləri olacaq. Hesab edirəm ki, son zamanlar xarici siyasət kursunda ciddi dəyişiklikləri şərtləndirən qərarlar müstəqilliyin deyil, Putin və Ərdoğanın izolyasiyadan çıxmaq üçün variantlar axtarışının və davamlı təzyiqinin nəticəsidir. Amma mənasızdır. Çünki, bölgədə yeni güc mərkəzi formalaşdırmaq istəyində olan Rusiya, İran və Türkiyənin 2017-ci ilin göstəricilərinə görə, birlikdə nominal ümumi daxili məhsulu ABŞ-ın real ÜDM-nin 14,8 faizini təşkil edib. Bu üç ölkənin malik olduğu ÜDM-in məbləği 2,28 trilyon dollardır. Halbuki ötən il ABŞ-da formalaşmış ÜDM 19,45 trilyon olub. Azərbaycanın da qloballaşan dünyadan üz döndərib, getdikcə avtoritarlaşan məkana inteqrasiyası yalnız hakimiyyət maraqlarına xidmət edir və bu siyasətin üçlüyün sonu qədər ömrü olacaq.