Bakıda tozun miqdarı 3 dəfədən çox artıb

0

Sentyabrın 5-də ölkə ərazisində havada olan tozun miqdarı sanitar normadan artıq olub. Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlər zamanı bəlli olub.

Nazirliyin məlumatına görə, tozun miqdarının artmasına səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır.

“Havanın keyfiyyətini ölçən avtomatik, stasionar monitorinq stansiyalarından alınan məlumata görə, saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 3.6 dəfə yuxarı olduğu qeydə alınıb”, – nazirlik vurğulayır.

Meteoroloji proqnoza əsasən, tozlu hava şəraitinin sabah, sentyabrın 6-sı günün birinci yarısınadək davam edəcəyi gözlənir.

BAX:

Bakı və Abşeron yarımadasında analoji vəziyyət ötən həftə də yaranmışdı. Nazirlik onda hətta Bakıda tozun miqdarının normadan 6 dəfə çox olduğunu açıqlanmışdı. İki gün davam edən həmin vəziyyət də onda ölkəyə Türkmənistandan toz dumanının daxil olması ilə izah edilmişdi.