Çin ABŞ-la ticarət danışıqlarını təxirə salıb

Vaşinqton Çin mallarına yeni tariflər tətbiq edəndən sonra Çin Birləşmiş Ştatlarla ticarət danışıqlarından imtina edib.

The Wall Street Journal xəbər verir ki, Çin baş nazirin müavini Liu Heni danışıqlar üçün gələn həftə Vaşinqtona göndərməyi planlaşdırırdı, amma artıq onun səfərini təxirə salıb.

ABŞ nikbindir

Cümə səhər saatlarında isə Ağ Evin yüksək səviyyəli rəsmisi ABŞ-ın Çinlə danışıqlarda irəliləyiş əldə edəcəyinə nikbin yanaşdığını söyləyib.

Rəsmi müxbirlərə bildirib ki, ticarət mübahisəsində hər hansı irəliləyişin olması üçün Çin “masaya daha münasib şərtlərlə oturmalıdır”.

Adının açıqlanmasını istəməyən rəsmi deyib ki, Birləşmiş Ştatlarla Çin arasında hər hansı görüş təsdiq olunmasa da, iki ölkə “danışıqlar içərisindədir”.

Onun sözlərinə görə, “prezidentin komandası Çindən tələb olunan şərtlər üzərində razılaşır”.

Ticarət qeyri-bərabərliyi

Tramp administrasiyası iddia edir ki, Çin mallarına tariflər Çini Birləşmiş Ştatlarla daha əlverişli şərtlər altında ticarət aparmağa vadar edəcək.

Administrasiya Çindən Amerikanın əqli mülkiyyətini daha yaxşı qorumasını, eləcə də kiber-oğurluğa son qoymasını tələb edib. Onlar həmçinin Çini ABŞ şirkətlərini Çin bazarına daha böyük çıxışla təmin etməyə və ABŞ üzərindəki ticarət artığını kəsməyə çağırıb.

Bu həftənin əvvəli Birləşmiş Ştatlar sentyabrın 24-dən başyaraq əlavə 200 milyard dəyərində Çin mallarına vergi tətbiq edib. Çin cavab olaraq tarif tətbiq etdiyi ABŞ malları siyahısına 60 milyard dollar dəyərində mal əlavə edib.

Daha öncə isə Birləşmiş Ştatlar 50 milyard dəyərində Çin mallarına tarif tətbiq edib, Çin də cavab olaraq eyni dəyərdə ABŞ mallarına tarif qoyub.

Bu ayın əvvəli prezident Tramp Çini əlavə 267 milyard dollarlıq mallarına da tarif tətbiq etməklə hədələyib ki, bu, Çinin ABŞ-a idxalının tamını təşkil edir.

Çin hər hansı yeni tariflərə cavab tədbiri görəcəyi barədə xəbərdarlıq edib. Lakin Çinin Birləşmiş Ştatlardan idxal etdiyi malların dəyəri Amerikanın Çindən idxal etdiyi malların dəyərindən 200 milyard dollar daha azdır.