İdlib əməliyyatı: Türkiyə udacaq, yoxsa uduzacaq?

Şahin Cəfərli

İdlib əməliyyatının Türkiyə üçün yaradacağı problemlər təkcə qaçqın axını ilə məhdudlaşmır.

İdlib mərkəzi hökumətin nəzarətinə qayıdarsa:

– Astana formatı çərçivəsində bu vilayət üzrə elan olunmuş “deeskalasiya zonası” rejimi sona yetəcək. Nəticədə Türkiyənin burada yaratdığı 12 hərbi müşahidə məntəqəsi ləğv olunacaq, bu məntəqələrdə yerləşdirilmiş təxminən 1200 türk əsgəri İdlibi tərk edəcək. Bir sözlə, Türkiyə İdlibdən çıxacaq;

– Türkiyə İdlibdə dəstəklədiyi müxalif qrupların gələcək taleyi ilə bağlı qərar verməli olacaq. Bu qüvvələr ilkin mərhələdə Türkiyənin nəzarətindəki digər Suriya ərazilərinə aparıla bilər. Amma bu, müvəqqəti çözümdür, çünki Əsəd əvvəl-axır həmin əraziləri də nəzarətə götürmək üçün hərəkətə keçəcək;

– İŞİD və HTŞ (keçmiş “Ən Nüsra”) terrorçularının sonrakı taleyi də önəm daşıyır. Suriya ordusu irəlilədikcə, sağ qalmış cihadçı qrupların Türkiyəyə doğru geri çəkilməkdən başqa yolu qalmayacaq. Bu halda terrorçular qaçqınların içinə qarışıb Türkiyəyə keçə bilər;

– İdlib nəzarətə götürüldükdən sonra Əsəd ölkə ərazisindəki bütün dəvətsiz xarici qüvvələrin, ilk növbədə “Fırat qalxanı” və “Zeytun budağı” zonalarındakı Türkiyə hərbi kontingentinin ölkəni tərk etməsi məsələsini gündəmə gətirəcək. Rusiya və İran da dəfələrlə bəyan ediblər ki, ABŞ və Türkiyənin Suriyada hərbi mövcudluğu qanunsuzdur və onlar ölkəni tərk etməlidir. ABŞ-a gücləri çatmayacağı üçün ilk növbədə Türkiyəyə təzyiq göstərəcəklər;

– Bütün bunların yekununda Suriyanın gələcəyi ilə bağlı strateji qərarlar verilərkən Türkiyə nə dərəcədə söz sahibi olacaq, konkret fikir söyləmək çətindir, hər halda, bəllidir ki, əli güclü olmayacaq…

Məsələnin maddi tərəfinə gəldikdə isə, istər qaçqınları, istərsə də Azad Suriya Ordusu başda olmaqla, silahlı qrupları saxlamaq iqtisadi böhran şəraitində Türkiyə üçün getdikcə çox ağır yükə çevrilir. Ərdoğanın “kuvayi milliyə” adlandırdığı ASO “boyevik”ləri o qədər ərköyünləşib ki, artıq maaşlarını TL ilə almaq istəmirlər, Suriya pulunun lirədən daha stabil və dəyərli olduğunu bildirirlər. Bu gün “Reuters” xəbər yayıb ki, Türkiyə hökuməti ölən hər ASO döyüşçüsünün ailəsinə Türkiyədə ev, vətəndaşlıq və 60 min lirə yardım verirmiş…