Iraqda İran konsulluğu yandırılıb

İraqın cənubundakı Bəsrə şəhərində nümayişçilər İran konsulluğuna hücum edərək binaya od vurublar.

İraq təhlükəsizlik rəsmiləri bildiriblər ki, bu zaman konsulluğun binası boş idi. Sentyabrın 7-də keçirilən aksiyada nümayişçilər Tehranın İraqdakı daxili siyasi vəziyyətə aşırı qarışmasına etiraz bildirirdilər.

Ümumiyyətlə isə bu İraqda beşinci gündür ki, davam edən zorakı antihökumət aksiyalarından biri idi. Ötən günlər ərzində İraqın cənubundakı Bəsrə şəhərində baş verən zorakılıqlarda azı 10 nəfər həlak olub.

Etirazçılar təhlükəsizlik qüvvələri ilə toqquşmuş, bir çox rəsmi binları talan etmişlər.

İran və İraq 1988-ci ildə başa çatmış müharibədə düşmən tərəf olublar. Lakin 2003-cü ildə ABŞ-ın hərbi müdaxiləsi nəticəsində İraq lideri Səddam Hüseyn devrildikdən sonra Bağdad və Tehran arasında sıx münasibətlər yaranıb. O vaxtdan bəri şiə İran İraqdakı şiə silahlılara geniş dəstək verib və əslində özünü İslam Dövləti adlandıran ekstremist qruplaşmanın məğlub edilməsində mühüm rol oynayıb.

İraq əhalisinin 60-65 faizi şiə, 15-20 faizi isə sünni ərəblərdir. Əhalinin 17 faizini sünni küdlər təşkil edirlər. Buna görə də ölkədə çox kövrək qüvvələr balansı mövcuddur.

Xəbər agentlikləri bildirirlər ki, Bəsrə sakinləri korrupsiyaya, pis idarəçiliyə və infrastrukturun dağılmasına etiraz edirlər.

Ölkənin Bağdad və Kərbəla da daxil başqa şəhərlərində də daha kiçik etiraz aksiyaları qeydə alınıb.

İraqın baş naziri Haidar al-Abadi sentyabrın 7-də təhlükəsizlik şurasının iclasında deyib ki, son beş gündə baş vermis zorakılıqların araşdırılması üçün komissiya təşkil edilib.

Ölkənin ali şiə ruhani lideri Ali al-Sistani deyib ki, baş verən etirazlara görə hakimiyyət məsuliyyət daşıyır və İraqda əvvəlkilərdən tamamilə fərqli hökumət yaradılmalıdır.

Abadi və ölkənin nüfuzlu şiə ruhanisi Muqtada al-Sadr qeyri-müəyyən nəticə vermiş seçkidən sonra iyunun 23-də elan etmişdilər ki, koalisiya hökuməti yaratmaq barədə razılığa gəliblər.

Ötən parlament seçkisinin nəticəsində Sadr-ın kommunistlərin də daxil olduqları bloku 54 mandat qazanmışdı. Bu 329 yerlik parlamentin ən böyük fraksiyası sayılır.

İraqın Qərb tərəfindən dəstəklənən hökuməti Birləşmiş Ştatlatla İran arasında balanslı siyasət yürütməyə çalışır.