Apellyasiya Məhkəməsi də jurnalistə “stop” qoyulmasını əsaslı saydı

Şahvələd Çobanoğlu yuxarı məhkəməyə şikayət edəcək

Bakı Apellyasiya Məhkəməsi jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qadağa qoyulmasını qanuni sayan rayon məhkəməsinin qərarını dəyişməyib.

Rayon məhkəməsinin jurnalist barəsində çıxardığı qərardan verilən şikayətə sentyabrın 27-də baxılıb.

Bu barədə jurnalistin özü məlumat verib.

Ş.Çobanoğlunun sözlərinə görə, prosesdə çıxış edən vəkilləri onun ölkədən çıxışına qadağa qoyulmasından ötrü qanuni əsasların olmadığını bildirib.

Jurnalist bildirir ki, hakim Həsən Əhmədovun sədrlik etdiyi məhkəmə kollegiyası onun vəkillərinin arqumentlərini əsaslı hesab etməyib. Nəsimi Rayon Məhkəməsinin Ş.Çobanoğlunun ölkədən çıxışına qadağa qoyulmasını qanuni sayan qərarı qüvvədə saxlanıb.

Çobanoğlu qərarla razı olmadıqlarını, yuxarı məhkəməyə şikayət edəcəyini bildirib.

Ş.Çobanoğlu son 2-3 ildə “Azadlıq” qəzeti, həbsdəki jurnalist Əfqan Muxtarlı və başqa işlərlə bağlı Baş Prokurorluqda bir neçə dəfə şahid qismində dindirilib. Jurnalist avqustun 14-də Azərbaycandan Rusiyaya keçmək istəyərkən saxlanıb. Xaçmaz rayonundakı Şirvanovka sərhəd buraxılış məntəqəsində 1 saata yaxın saxlanan jurnalisti sərhədçilər geri qaytarıblar. Jurnalistin dediyinə görə, ona bildirilib ki, ölkədən çıxışına Baş Prokurorluq 2014-cü ildən qadağa qoyub.

Ş.Çobanoğlu hökumətin fəaliyyətini tənqid edən yazıların müəllifidir. Müxtəlif vaxtlarda “7 gün”, “Azərbaycan” qəzetlərinin müxbiri, “Hürriyyət”, “Günaydın” qəzetlərinin baş redaktoru işləyib, “Azadlıq” qəzeti və bir sıra media orqanları ilə əməkdaşlıq edib.

2013-cü ildən bəri Azərbaycanda 10-dan çox jurnalistin ölkədən çıxışına qadağa qoyulub. Onlardan bəziləri bundan məhkəməyə müraciət ediblər. Ancaq yerli məhkəmələr həmin şikayətlərin əksəriyyətini təmin etməyib. Şikayəti təmin olunmayan jurnalistlərdən 9-u Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) üz tutub.